Pərvanə Mustafayeva: “Azərbaycana çeklərin 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır”

Gündəlik alış-veriş zamanı əldə etdiyimiz kassa çeklərinin üzərində insan sağlamlığı üçün təhlükəli maddələr var.
Belə ki, həmin çeklər isti ilə birbaşa təmasa girdikdə rənginin qaraldığı müşahidə olunur. Lakin adi kağızlarda bu belə deyil. İddia olunur ki, həmin çeklərdə olan BPA ("Bisfenol-A") maddəsi sonsuzluqdan xərçəngə qədər bir çox problemə səbəb olur. Hətta bir müddət əvvəl türkiyəli fitoterapiya mütəxəssisi Buğra Buyrukçu istehlakçılara insan sağlamlığına ziyan vuran "Bisfenol-A" maddəsi tərkibli məhsullar barədə xəbərdarlıq etdi.
Qeyd edilir ki, həmin çeklər isti ilə təmasda olanda rəngi qaralır. Bu günlərdə çeklər üzərində sınaq keçirildi. Belə ki, ütü feni ilə çek üzərində sınaq aparıldı və doğrudan da çekin rəngi dəyişdi.
Ekspertlər bildirir ki, kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsi var və həmin məhlul insan sağlamlığına ciddi zərərlidir. “Bisfenol A” beyin inkişafının gecikməsinə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, çeklər əl və qidaya dəyməməlidir. Həmçinin onları uzun müddət saxlamaq da məsləhət deyil.
- “Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır, əks təqdirdə…”
Həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, “Bisfenol A” maddəsi plastik və epoksid qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur: “Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərinizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycana çeklərin 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır.
Günel CƏLİLOVA