Dərs ilinin başa çatmasına az qalmış universitet tələbələri kurs, diplom işi təlaşına düşür. Günlərlə kitabxanalarda mənbə axtaran, vaxtının böyük hissəsini bu iş üçün ayıranlarla yanaşı, pul müqabilində diplom işini başqalarına yazdıranlar da az deyil.
Artıq diplom, kurs işinin yazılması üçün xüsusi şirkətlər də yaradılıb. Daha çox universitetlərin yaxınlığında açılan bu şirkətlər tələbələrə sadəcə mövzunun adını deməklə hazır işi istənilən vaxtda təhvil verəcəklərini bildirir: “Referat (sərbəst iş), kurs işi, diplom işi problemləri ucbatından dərslərinə, imtahanlarına və istirahətinə vaxt ayıra bilməyən tələbələrə şad xəbər! Sadəcə mövzunun adını verməklə hazır işinizi istədiyiniz vaxta təhvil alırsınız. İşlər hər sahənin öz mütəxəssisi tərəfindən hazırlanır. Müəllim yoxlanışından sonra hər hansı xırda nöqsanlar belə olarsa, bir gün ərzində əlavə heç bir ödəniş olmadan aradan qaldırılıb təhvil verilir. İşini peşəkara etibar etmək ağıllı insanların işidir”.
“Sərbəst işin yazılmasını biznesə çevirənlər az deyil, sosial şəbəkədə elanlar yayılır, bu kimi hallarla mütləq şəkildə mübarizə aparmaq lazımdır”
Mövzu ilə bağlı fikir bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sərbəst iş tələbə tərəfindən yazılmalıdır. Hansısa şirkət və ya başqa şəxs tərəfindən sərbəst işin yazılması yolverilməzdir: “Nəinki sərbəst iş, o cümlədən diplom və magistr işlərinin də yazılması düzgün deyil. Təəssüf ki, bunu biznesə çevirənlər az deyil. Bununla bağlı sosial şəbəkədə elanlar yayılır. Bu kimi hallarla mütləq şəkildə mübarizə aparmaq lazımdır”.
Ekspert hesab edir ki, sərbəst iş və ya diplom işinin necə yazılmasına nəzarət gücləndirilməlidir: “Tələbəyə hansısa mövzu ilə bağlı diplom işi verilirsə, o, işini özü yazmalı, tədqiqat aparmalıdır. Bu hal sərbəst işlərə də aiddir. Tələbə konkret mövzu üzrə sərbəst işini özü işləməli və araşdırma aparmalıdır. Tələbələrə verilmiş bu tələbdən sui-istifadə edilirsə, bununla bağlı cəza mexanizmi olmalıdır”.
Günel CƏLİLOVA