Məlum olduğu kimi, "Təhsil haqqında” qanuna dəyişikliklər edilir. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur. “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.
Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.
Maraqlıdır, yeni qanun təhsil sahəsində nələri dəyişəcək?
“Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə işə qəbul edilənlər 3 ildən sonra imtahan verməli olacaqlar, daha sonra…”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda mütəmadi olaraq əlavə və dəyişiklik həyata keçirilir. Bunun əsas səbəbi isə elm, texnika və texnologiya sahəsində qeydə alınan yeniliklərdir. Eyni zamanda, təhsilin strukturunun dəyişməsi qanunvericilikdə dəyişikliyi zəruri edir: “Bunlardan biri də sertifikasiya ilə bağlıdır. Məlumdur ki, mövcud qanunvericiliyə edilən dəyişikliyə əsasən, orta ümümtəhsil məktəblərində çalışan müəllimlər əvvəllər attestasiyadan keçirilirdi. Sonradan attestasiya sertifikasiya ilə əvəz edildi. Yeni dəyişikliyə əsasən, sertifikatlaşma 5 ildən 3 ilə endirilməlidir. Bu isə bütün illərdə çalışanlara aid deyil. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə işə qəbul edilənlər 3 ildən sonra imtahan verməli olacaqlar. Daha sonra həmin müəllimlər 5 ildən bir sertifikasiyaya cəlb olunacaqlar. 3 ildən bir sertifikasiyaya cəlb olunma yalnız ilk dəfə işə qəbul olunanlara aiddir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, təhsilin keyfiyyətini təmin edəcək vacib faktorlardan biri keyfiyyətli təhsil verə biləcək müəllimlərin olmasıdır. Heç kimə sirr deyil ki, əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu zamanı buraxılmış səhvlər təhsilin keyfiyyətinə birbaşa təsir göstərirdi.
Günel CƏLİLOVA