Taksi sahəsində bir sıra problemlərin olduğu məlumdur. Danılmaz faktdır ki, bu gün paytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Paytaxtda taksilərin sayının sürətlə artdığını rəsmi qurumlar da təsdiqləyir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov bir neçə ay əvvəl mediaya açıqlamasında qeyd etdmişdi ki, Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbul şəhərindəki taksilərdən çoxdur. O bildirmişdi ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır. İstanbulda isə bu rəqəm 17 min civarındadır. İstanbulla Bakını müqayisə edəndə taksi sayının çox olması insanı düşündürür.
Bəllidir, günümüzdə də ölkədə sərnişindaşıma sahəsində çoxlu taksi şirkəti fəaliyyət göstərir. Sözügedən şirkətlərin sayının artması onlar arasında rəqabəti daha da gücləndirib. Elə bu səbəblə də taksi şirkətləri bazarda öz yerlərini tutmaq və daha çox müştəri cəlb etmək məqsədilə istifadəçilərə müxtəlif endirimli kampaniyalar, fürsətlər təqdim edirlər. Xüsusilə həmin şirkətlərin müştərilərə fərdi şəkildə fəaliyyət göstərən taksilərlə müqayisədə xeyli ucuz qiymət təklif etməsi əhalinin böyük bir qisminin belə şirkətlərə üz tutmasına səbəb olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda da ən çox istifadə olunan taksi şirkəti “Uber”dir. “Uber”lə yanaşı, “Bolt”, “Omega”, “Yandex” və digər taksi şirkətləri ölkədə fəaliyyət göstərir. Hansı taksi şirkətləri daha aşağı qiymət təyin edirsə, sərnişinlər də ondan istifadə edir.
Qeyd etdiyimiz kimi, ölkədə fəaliyyət göstərən taksi şirkətlərinin sayı çoxdur. Lakin həmin şirkətlərin göstərdiyi xidmət isə aşağıdır. Bunu sərnişinlərin narazılığı təsdiq edir. Demək olar ki, hər gün sərnişinlər taksi şirkətlərinin fəaliyyəti ilə bağlı narazılıq edir.
“Bu sahəyə nəzarəti dövlət həyata keçirməlidir, nəzarət sistemi elə qurulmalıdır ki, bütün aqreqatorlar bir yerə inteqrasiya olunsun”
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, hazırda bu sahədə böyük problem yaşanır. Əsasən “8555",”0606","UBER", “BOLT”, “Maxim” ilə bağlı narazılıqlar səslənir. Buna səbəb isə qanunvericiliyin olmamasıdır: “Qanunvericiliyik aqreqatorların fəaliyyətini tənzimləmir, ümumiyyətlə, aqreqator anlayışını vermir. Aqreqatorla sürücü arasında münasibətə dair bir kəlmə anlayış belə yoxdur. UBER, BOLT kimi aqreqatorlara insanlar taksi şirkətləri deyir, amma bu doğru deyil. Onlar internet üzərindən tənzimlənir və çağrı mərkəzləri sayılır, taksi sürücüsü ilə müştəri arasında əlaqə yaradırlar. Aqreqatorların hüquqları, vəzifələri, öhdəlikləri, iş şərtləri müəyyən olunmalıdır. Eyni zamanda bütün bunlara nəzarət olmalıdır. Çoxları iki məsələni fərqləndirə bilmir”.
Həmsöhbətimiz hesab edir ki, bu sahəyə nəzarəti dövlət həyata keçirməlidir. Nəzarət sistemi elə qurulmalıdır ki, bütün aqreqatorlar bir yerə inteqrasiya olunsun: “Onların platforması ilə, kimlə işləyirlər, həmin şəxs qanunvericilikdə göstərilən qaydalara uyğundurmu, avtomobili uyğundurmu? Həmin taksi sürücüsü neçə saat işləyə bilir, hansı şərtlər əsasında işləyə bilir. Bütün bunlara nəzarət olmalıdır. Gün ərzində 8 saatdan artıq işləyənləri, tibbi müayinədən keçməyib sağlamlıq arayışı olmayanları, avtomobili tələblərə cavab verməyən sürücüləri avtomobil xidmətinə qoşmamalıdırlar”.
Ekspert onu da əlavə etdi ki, taksilərə vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifadə halları baş verir: “Məsələn, sürücülər normal qazanc əldə etmək üçün 12-14 saat çalışırlar. Bu da, təbii ki, normal hal deyil”.
Günel CƏLİLOVA