Məlum həqiqətdir ki, indi ümumbəşəri bəla sayılan narkomaniyanın insan həyatına vurduğu sağalmaz zərbədən xəbəri olanlar da onun qurbanına çevrilir. Məhz buna görə vəziyyət get-gedə ağırlaşır, narkotik vasitələrdən istifadə genofondumuza acı təsir göstərir.
Son illər “ağ ölüm”ə can atan yeniyetmələrin sayının durmadan artması təəssüfedici fakt kimi daha dözülməzdir. Onları bu zərərli vərdişdən qorumaq məqsədilə mübarizə aparmaq hamının, hər kəsin borcu olmalıdır. Bu günlər Lerik rayonu, Bülüdül kənd tam orta məktəbində Lerik rayon Prokurorluğunun, Lerik rayon Gənclər və İdman İdarəsinin, Lerik rayon Polis şöbəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı etdikləri narkomaniya və erkən nikahlara qarşı maarifləndirici tədbir bu məqsəddən irəli gəlirdi.
Tədbirdə Lerik rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Ülfət Novruzov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik rayon Təhsil sektorunun məsul əməkdaşı Mehman Rəcəbov, Bülüdül kənd tam orta məktəbinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər. Tədbir zamanı narkomaniyanın insanın sağlam həyatına gətirdiyi ağrılardan, bu bəşəri bəlaya qarşı mübarizənin əhəmiyyəti, mübarizə metodu kimi məktəblərdə belə maarifləndirmə işinin daim aparılması barədə danışılıb, eləcə mübarizənin səmərəliyi üçün cəmiyyətin bütün təbəqələrin kütləvi səfərbər olmasının vacibliyi vurğulanıb. Həmçinin məktəbli və valideynlərlə erkən nikahların yol açdığı fəsadlardan söhbət açılıb.
Tədbirdə görüş iştirakçıları daha çox düşündürən, narahat edən suallara isə polis polkovnik-leytenantı Ülfət Novruzov ətraflı cavab verib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü