Hər tədris ilinin yekunu xüsusilə birinci sinif şagirdləri üçün yaddaqalan olur. Belə ki, 11 illik məktəb həyatının ilk ilini başa vuran birincilər əlifba bayramlarını qeyd etmək sevincini yaşayırlar. Əvvəllər əlifba bayramı məktəbdə keçirilərdi.
Birincilər şeir deyər, rəqs edər, mahnı ifa edərdilər. Ancaq indi əlifba bayramı fərqli formada keçirilir. Belə ki, birincilərin bayramı məktəbdən kənarda - restoranda və ya uşaq əyləncə mərkəzində keçirilir. Bu isə valideynlərin narazılığına səbəb olur. Valideynlər bunu həm maddi, həm də təhlükəli hal baxımdan düzgün hesab etmirlər. Belə olan halda əlifba bayramının keçirilməsində bir uşaq üçün minimum 100 manat və daha çox məbləğ lazım olur.
Maraqlıdır, əlifba bayramının məktəbdənkənar keçirilməsi düzgündürmü?
“Əlifba bayramı və son zəng tədbirinin təhsil müəssisəsindən kənarda keçirilməsi bəzi hallarda neqativ nəticələnə bilər ki, bunu nəzərə almaq mütləqdir”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlifba bayramı keçirilərkən təhlükəsizlik qaydalarına əməl olunması vacibdir: “Rəsmi olaraq əlifba bayramının keçirilməsi ilə bağlı xüsusi bir tələb yoxdur. Bu, təhsil müəssisəsinin daxilində keçirilə bilər və həmin tədbirin keçirilməsi zamanı iştirakçıların müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunması əsas tələb kimi qoyulur. Ola bilər ki, hər hansı şəxs və ya şəxslər tərəfindən ideya olaraq hansısa bir restoran və ya uşaq əyləncə mərkəzində keçirilsin. Onlar bu prosesi həyata keçirə bilər. Ancaq bu zaman mütləq təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyi hər tədris ilinin sonunda əlifba bayramı və son zəng tədbirlərinin təhsil müəssisəsi daxilində keçirməsinin vacib olduğunu bildirir. Hansısa negativ halların baş verməməsi üçün bu kimi tədbirlərin məktəb daxilində keçirilməsi daha məsləhətdir. Məlumdur ki, pandemiya vaxtında bu tədbirlər qeyd olunmurdu. Bu ildən qeyd olunacaqsa, bir sıra detallara fikir vermək lazımdır. Əlifba bayramı və son zəng tədbirinin təhsil müəssisəsindən kənarda keçirilməsi bəzi hallarda neqativ nəticələnə bilər ki, bunu nəzərə almaq mütləqdir”.
Günel CƏLİLOVA