Son zamanlar ictimai nəqliyyatda qəza halları artıb. Amma çox vaxt da qəza nəticəsində zərər çəkən sərnişinlərə kompensiyaya verilmir. Ekspertlərsə bildirir ki, ictimai nəqliyyatın törətdiyi qəza zamanı zərər çəkən sərnişinlərə konpensasiya həmin avtobusun məxsus olduğu şirkət tərəfindən ödənilməlidir.
Qeyd edək ki, ölkədə bundan sonra sərnişin avtobusları sənişinlərin fərdi qəza sığortası olmadan texniki baxışa buraxılmayacaq. Bununla bağlı Nazirlər Kabineti qərara dəyişilik edib. İcbari sığorta müqaviləsinin olub-olmaması elektron informasiya sistemi tərəfindən yoxlanılacaq.
“Sahibkarlar isə istəyəcək ki, avtobusu daha peşəkar sürücü idarə etsin, qəza törətməyə meylli olmasın…”
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sərnişin avtobusları ilə bağlı daşınmada fərdi qəza sığortasının tətbiqi təqdirəlayiqdir. Bu vaxta qədər qədər sərnişindaşıma ilə məşğul olan şirkətlər, sərnişinlərin təhlükəsiz şəkildə daşınmasına deyil, əldə edəcəkləri gəliri düşünürdülər: “Sərnişinə konkret olaraq müştəri gözü ilə baxırdılar. Bu səbəbdən də məlum qərar alqışlanmalıdır. Qərarın özəlliyi ondan ibarət olacaq ki, artıq sərnişinlər daha təhlükəsiz daşınmanın həyata keçiriləcəyə əmin olacaqlar. Sahibkarlar isə istəyəcək ki, avtobusu daha peşəkar sürücü idarə etsin, qəza törətməyə meylli olmasın, D kateqoriyası olsun, onun sürücülük vəsiqəsi normativ aktlara uyğun olsun. Birsözlə bu sığorta növü sürücüləri daha məsuliyyətli davranmağa sövq edəcək. Zərərçəkmiş sərnişinlər isə bunun müqabilində kompensasiya alacaqlar. Ümumiyyətlə, bu qərarın müsbət tərəfləri çoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qəza zamanı zərərçəkmişin kompensasiya alması sığorta vasitəsilə həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, söhbət tibbi sığortada gedir. Tibbi sığortanın sağlamlığa dəyən ziyanla bağlı ağır-yüngül dərəcələrə aid olmaqla bir neçə prosedur qaydaları həyata keçirilə bilər.
Günel CƏLİLOVA