Bir qrup bağça müəllimi maaşlarının azaldılmasından və ixtisas dərəcəsinin aşağı salınmasından şikayətçidir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması narazılıqla qarşılanır. Bildirilir ki, ixtisas dərəcəsinin 14-cü dərəcədən 10-cu dərəcəyə endirilməsi yolverilməz və qanunsuzdur.
Onu da qeyd edək ki, müəllimlərin maaşı 76-100 manat arasında kəsilib.
Vüsalə Ağabəyli: “Pedaqoji təhsil varsa və həmin şəxslərin iş təcrübəsi varsa, o zaman onların işdən uzaqlaşdırılması doğru deyil”
Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istənilən halda əmək haqqı kəsimləri ciddi sosial problemlərə yol açan məsələdir: “76-100 manat kifayət qədər ciddi rəqəmdir və əsaslandırılması mütləqdir. Qeyri-ixtisaslı bağca müəllimləri dedikdə, hansı ixtisaslar nəzərdə tutulur? Əgər pedaqoji təhsil varsa və həmin şəxslərin iş təcrübəsi varsa, o zaman onların işdən uzaqlaşdırılması doğru deyil. Digər tərəfdən də, cəmiyyətdə kifayət qədər ixtisaslı, lakin peşəkar olmayan kadrlar var. Diploma sahiblənmək bacarıqlı kadr olmaq anlamına gəlmir. Xüsusilə də bağça müəllimlərində differensiallaşma əsasında əmək haqlarının müəyyənləşdirilməsi daha doğru olardı. İşçi mühitdə həmin bağça müəlliminin pedaqoji-psixoloji göstəriciləri qaydasındadırsa, o zaman ixtisas dərəcələrinə müdaxilə edilməsinin bir anlamı yoxdur”.
Elçin Əfəndi: “Hazırda bağçada işləyən qeyri-ixtisaslı şəxslərin əmək haqlarının tutulması düzgün deyil”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Prezidentin sərəncamına əsasən, ötən ildən etibarən bağçalar Elm və Təhsil Nazirliyinin sərəncamına verilib: "Təbii ki, söhbət dövlət bağçalarından gedir. Artıq bağçalarda müəllimlərin işə qəbulunun həyata keçirilməsi, eyni zamanda ümumi təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir. Bu gün bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar da nəzərə alınmalıdır”.
Ekspert hesab edir ki, hazırda bağçada işləyən qeyri-ixtisaslı şəxslərin əmək haqlarının tutulması düzgün deyil. Onların əmək haqqı kəsilə, dərəcəsi özbaşına aşağı salına bilməz. Bu doğru deyil və məhkəmə predmeti də ola bilər.
Günel CƏLİLOVA