Dərs ilinin sonuna doğru məktəblilərin imtahan stressi başlayır. Bu stress isə imtahan nəticələri ilə bağlı narahatlıqdan daha çox, valideynlərin “üzünü ağ etmək”lə bağlıdır.
Övladı buraxılış siniflərində oxuyan valideynlərin yüksək bal gözləntisi istər-istəməz uşaqlarda həyəcan və qorxu yaradır. Ancaq hər məktəbli dərsdən yüksək qiymət ala bilməz. Təbii ki, dərs ilini “4-5” qiyməti ilə yanaşı, “2” və “3” qiyməti ilə yekunlaşdıranlar da olur. Orta məktəbdə zəif oxuyan, “2” qiyməti alan şagirdlərə sonda attestat verilməməsi müzakirə olunur. Hesab edilir ki, məktəbli attestat ala bilməsi üçün dərslərini yaxşı oxuyacaq. Ümumiyyətlə, bu əməl şagirdlərin təhsilə cəlb və təhrik olunması üçün yardım vasitəsi ola bilərmi?
“4-cü sinifə qədər oxumayan şagirdlərin 5-ci sinfə keçirilməsi düzgün deyil, əvvəllər sinifdəqalma məsələsi vardı”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, tədris ilini “2” ilə bitirən şagirdlərə attestat verilməməlidir. Bu, şagirdlərin təhsilə cəlb olunmasına şərait yaradacaq: “İstər 9 illik, istərsə də 11 illik təhsil bazasında illik qiymətləndirilməsindən “2” alan şagirdlərə attestat verilir. Həmin şagirdlərin normal təhsil ala bilmədikləri öz əksini müvafiq dövlət nümunələri sənədlərində tapsa belə, faktiki olaraq onları təhsilsiz cəmiyyətə buraxırıq. Bunun isə ağrı-acısını bütün cəmiyyət və dövlət çəkir. Bu il 9 illik bazanı təxminən 120-130 min, 11 illik bazanı isə 100-108 min şagird bitirir. Nəticə etibarilə oxuyana da, oxumayana da attestat veririk. Bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişiklik olmalıdır. Elm və Təhsil Nazirliyi bütün təhsil müəssisəsi rəhbərlərinə bu barədə tapşırıq verməlidir ki, tədris ilini “2” ilə bitirən şagirdlərə müvafiq sənəd verilməsin”.
Ekspert onu da əlavə etdi ki, 4-cü sinfə qədər oxumayan şagirdlərin 5-ci sinfə keçirilməsi düzgün deyil. Əvvəllər sinifdəqalma məsələsi vardı və oxumayan şagirdlərin yuxarı pillələrə keçirilməsinə imkan verilmirdi: “Son dövrlər isə bəzi şəxslər müəyyən üsullarla korrupsiya faktı və ya tanışlıqla uşaqların sinifdən-sinfə addımlamasına şərait yaradırlar. Nəticə etibarilə nə qədər təhsilsiz şəxs formalaşır. Şagirdlərdə də bu məsələ ilə bağlı arxayınlıq yaranıb. Düşünürlər ki, “2” alsalar belə, onlara attestat veriləcək. Bu stereotipin qırılması üçün qəti addımlar atılmalıdır”.
Günel CƏLİLOVA