Caduya inanan və inanmayan insanlar var. İşləri yolunda getməyən, çətinliyə düşən kimi falçı və öncəgörücü qapısı döyən insanlar kifayət qədərdir. Kimisi bu yolla bəxtinin açılacağına, kimisi qazancının, ruzi-bərəkətinin artacağına, kimisi ev alacağına inanır. Bir sözlə, inam, ümid sonda insanı bu yolu sınamağa vadar edir.
Bədii ədəbiyyat nümunələrimizdə yazıçılar nə qədər bunu cahillik adlandırsalar, cadugərliyi kəskin tənqid edən əsərlər yazsalar da, insanların caduya marağı qalmaqdadır. Bunu ara-sıra cadugərlərin toruna düşən, aldadılan insanlara aid mətbuatda yayımlanan xəbərlərdə də görə bilirik. Hətta bu günlərdə sosial şəbəkədə cadu kitabının satışı ilə bağlı elan paylaşılıb. Bildirilib ki, cadu kitabı kimi tanınan "Qara magiya" 5 min manata satılır. Qeyd olunub ki, həmin kitab Romada yəhudi bir şəxsdən alınıb.
Könül İsmayılova: “Həmin kitabın Romada yəhidi şəxsdən alındığı və qiymətinin 5000 manat olduğu iddia olunur, ancaq…”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təkcə sosial şəbəkələrdə deyil, başqa-başqa platformalarda insanları aldadanlar var: "Həmin şəxslər insanları sanki psixoloji cəhətdən manipulyasiya edərək inam hissini yaradırlar. Təbii ki, bu insanlar psixoloji cəhətdən təsir altına düşməyə meylli insanlardır. Dələduzlar var ki, konkret olaraq insanların qarşısına tələblər qoyur ki, sənə cadu olunub, filan məğləb qarşılığında biz bunu çıxartmalıyıq. Psixoloji olaraq insan nəyə inanırsa, o inandığının ya neqativ, ya da pozitiv tərəfini görür. Bütün bunlar, yəni falçılara, dələduzlaraq inanıb-inanmamaq insan psixologiyasındakı psixi xüsusiyyətindən asılıdır”.
K.İsmayılovanın sözlərinə görə, cadu, falla bağlı bu gün sosial şəbəkədə müxtəlif məlumatlar yayılır. Hətta bu günlərdə cadu kitabının satışa çıxarılması ilə də bağlı məlumat yayılıb: “Bildirilir ki, guya həmin kitab Romada yəhidi bir şəxsdən alınıb və qiyməti də nə az, nə çox 5000 manatdır. Sosial şəbəkədə həmin kitabın fotosuna baxdım. Düzdür, kitab rus dilində yazılıb, ancaq bəzi işarələr, qeydlər var ki, onu hər kəs bilmir. Bu kitabı almaq istəyən şəxs gərək həmin işarələrin, orda yazılanların mənasını başa düşsün. Ümumiyyətlə, bu cür kitabların satışa çıxarılması, bukletlərin yayılması düzgün deyil. Bu fakt açıq-aşkar insanları caduya, fala sövq edir. Bu isə düzgün deyil”.
Cəmşid Əliyev: “Cadu kitabını ölkəyə gətirən və onun satışını təşkil edən şəxs məsuliyyətə cəlb olunmalıdır”
Ilahiyyatçı Cəmşid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cadugərlik, sehrbazlıq məsələsi qədimdən mövcud olub. Hərçənd, elmi yanaşmlar müxtəlifdir. Yəni bəzi alimlər bunun mövcudluğunu qəbul edir, bəziləri etmir: “Son dövrlər sosial şəbəkələrdə bunlar geniş yayılıb. Biz hüquqi ölkədə yaşayırıq, birmənalı olaraq bunun qarşısı alınmalıdır, çünki bu, açıq-aşkar dələduzluqdur. Onlar, əslində dələduzlardır. Çoxunun dinə aidiyyəti yoxdur. Sadəcə, din donu ilə pərdələnib özlərinə imic yaradırlar. İnsanlar müqəddəsliyə qiymət verdiklərinə görə bunlara inanılar. Cadugərliyin o qədər dərin kökü, əsası yoxdur. Sadəcə, illuziyadır, mənfi enerjini müxtəlif istiqamətə yönləndirməkdir. Əgər cadunun yüksək səviyyədə təsiri olsaydı, onda dünyada bütün problemləri onunla həll edərdilər. Müharibələr olmazdı, insanlar xəstəlikdən ölməzdi. Yəni belə çıxır ki, cadugərlər xırda işlərin öhdəsindən gələ bilərlər. Kiminsə arasını vursunlar, kiminsə evini yıxsınlar, iki adamı biri-birinə düşmən eləsinlər. Bu da sübut edir ki, bunun hamısı dələduzluqdur. Məlum cadu kitabını ölkəyə gətirən və onun satışını təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır”.
Günel CƏLİLOVA