Azərbaycanda son dövrlər onlayn şəkildə satışa çıxarılan avtomobil qeydiyyat nişanlarının sayı artmaqdadır. Bir sıra onlayn satış saytlarında yüksək qiymətlərlə qeydiyyat nişanları satılır.
Belə ki, 100 min manata təklif olunan nömrələr var. “Tap.az” adlı satış saytında ən ucuz nömrə nişanlarının qiyməti 450 manatdan başlayır. Digər bahalı nömrələrin qiyməti isə 35 000 və 38 000 manat arasında dəyişir.
Maraqlıdır, Azərbaycanda avtomobil qeydiyyat nişanlarının sərbəst şəkildə satışa çıxarılmasına icazə varmı?
“Bəzi şəxslər dələduzluq edərək avtomobil qeydiyyat nömrələrinin satışı ilə məşğul olur”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, avtomobil qeydiyyat nişanlarının onlayn şəkildə satışa çıxarılması qanunsuzdur: “Avtomobil qeydiyyat nişanlarının onlayn şəkildə satışına dövlət müdaxilə etməlidir. Məlumdur ki, avtomobilə nömrə nişanlarının verilməsi və ya dəyişdirilməsi yalnız qanunla tənzimlənir. Bu satışı yalnız Dövlət Yol Polisi həyata keçirir. Bəllidir ki, nömrələrin verilməsi sıralama əsasında həyata keçirilir. Köhnə nömrələr isə utilizasiya olunur.
Aidiyyəti qurumların müvafiq sənədləşməsi əsasında bu proses həyata keçirilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi bu məsələdə öz imkanlarını ortaya qoymalıdır. Satışa çıxarılan avtomobil qeydiyyat nişanlarının sənədləşməsi aparılmamalıdır”.
Ekspert onu da əlavə etdi ki, bəzi şəxslər dələduzluq edərək avtomobil qeydiyyat nömrələrinin satışı ilə məşğul olur: “Onlar bu sahəyə aid olmadıqları halda hardansa nömrə əldə edərək satışını təşkil edirlər. Bu işlə məşğul olanlar aşkar olunmalı və məsuliyyətə cəlb olunmalıdır.
Onu da deyim ki, hansısa bir şəxs avtomobilini yol polisinə təqdim edir və onu satmaq istədiyini bəyan edir. Amma avtomobilin üzərində olan nömrəni satmaq istəmədiyini və özündə saxlamaq niyyətində olduğunu bildirir. Qanun da buna icazə verir və nömrə onda qalır. Başqa bir şəxs isə ona yaxınlaşaraq, yeni avtomobil aldığını və nömrəni onun üstünə qoymaq istədiyini söyləyir. Yol polisi də buna uyğun olaraq alqı-satqı əsasında nömrəni şəxsiyyət vəsiqəsi və digər sənədlərlə həmin şəxsin adına keçirir”.
Günel CƏLİLOVA