Bu gün dövlətin diqqət ayırdığı sahələrdən biri də səhiyyə sahəsidir. Təqribən son on ildə Azərbaycanın səhiyyə sistemində bir çox islahatlar aparılıb - bir sıra dövlət proqramları qəbul edilib, tibbi xidmətlərin səviyyəsi müasir standartlara çatdırılıb, maddi-texniki baza möhkəmləndirilib, yeni klinikalar istifadəyə verilib və s. Bu proseslərin hər biri haqqında ayrıca danışa bilərik.
Ancaq dərman sahəsində yaşanan problemlər hələ də davam edir. Dərmanların satış qiymətinin baha olması istehlakçıların narazılığına səbəb olur. Bu problemin həlli ilə bağlı zamanla müxtəlif fikir və təkliflər səsləndirilib.
Bu günlərdə "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov mediaya açıqlamasında deyib ki, ölkəmizə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.
Maraqlıdır, yeni dəyişiklik dərman vasitələrinin qiymətinə müsbət təsir edəcəkmi?
“Ölkəmizə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatları ilə bağlı lizenziyaların asanlaşdırılması yaxşı əlamətdir”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəmizə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatları ilə bağlı lizenziyaların asanlaşdırılması yaxşı əlamətdir. Yenilik dərman sektorunda dəyişikliyə səbəb olacaq: “Bu hal daha çox rəqabətin inkişaf etməsinə səbəb olacaq. Bununla yanaşı, biz keyfiyyət məsələsinə də diqqət etməliyik. Nəzərə almaq lazımdır ki, dərman geyim deyil ki, sahibkarlar rəqabət aparsın, dərman sağlamlıq deməkdir. Sağlıqla oyun oynamaq, rəqabətə girmək olmaz”.
Tibbi ekspert hesab edir ki, ölkəyə idxal olunan bütün dərman preparatları yüksək keyfiyyət parametrlərinə cavab verməlidir. Dərman maddələrinin ölkəyə daxil olması müəyyən dərəcədə limitlənməlidir: “Məlumdur ki, eyni adda yüzdən çox dərman ölkəyə gətirilir. Bu məsələ qaydaya salınmalıdır. Hər bir dərman maddəsini lisenziya alıb ölkəyə idxal edən şirkət onun keyfiyyət parametrinə birbaşa məsuliyyət daşıyır. Bu kimi boşluqlar dolmalıdır. Istehlakçıya ilk növbədə keyfiyyətli dərman vermək lazımdır. Nəzərə almaq lazımdır ki,dərman təhlükəsizliyi genofonda bağlı məsələdir. Hesab edirəm ki, bu məsələdə dünyanın qəbul etdiyi, getdiyi yolla biz də getməliyik”.
Ekspert onu da əlavə etdi ki, dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar, təbii ki, qiymətə də təsir edəcək. Qiymətlər ucuzlaşa bilər.
Günel CƏLİLOVA