Məlum olduğu kimi, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.
Məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər.
Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.
Maraqlıdır, daşıyıcı şirkətlərin məlum qərarı sərnişindaşımada qiymətə necə təsir edəcək?
Aslan Əsədov: “Belə vəziyyətdə yanacaqla bağlı hər hansı güzəştin olmaması istər-istəməz gediş haqqına təsir edəcək”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, daşıyıcı şirkətlərlə bağlı müxtəlif vaxtlarda konsepsiya imzalanıb. Həmin konsepsiyaların imzalanmasına səbəb isə daşıyıcı şirkətlərdə qiymət artımının olmaması və müəyyən proseslərə inzibati qaydada nəzarət etmək idi: “Məlum olmayan səbəblərdən nəqliyyat vasitələri üçün nəzərdə tutulan yanacağa verilən subsidiyanın kəsilməsi bu sahəyə öz təsirini edəcək. Dövlətin bu sahəyə hansı formada dəstək olacağı hələ bəlli deyil. Bu hal davam edərsə, o zaman sahibkarlar onlara dəstək üçün aidiyyəti qurumlara yenə müraciət edəcəklər. Nəzərə almaq lazımdır ki, daşıyıcı şirkətlərdə yanacağın qiyməti əsas rol oynayır. Yanacaq nə qədər sərfəli qiymətə olarsa və ya dövlət tərəfindən dəstək olarsa bu hal qiymətə təsir edər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, avtobusların texniki vəziyyətinin normal olması da vəsait tələb edir. Həmçinin, ehtiyat hissələrinin də baha olması vəziyyətə öz təsirini göstərəcək. Belə bir vəziyyətdə yanacaqla bağlı hər hansı bir güzəştin olmaması istər-istəməz gediş haqqına təsir edəcək.
Eldəniz Əmirov: “Rəqabət yoxdursa, qiymətlər dövlət tərəfindən tənzimlənirsə, bu zaman sahibkarların müraciəti daha dəqiq araşdırılmalıdır”
İqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, dövlətin qiymət tənzimləmə funksiyasının aktiv olduğu sahədə rəqabət mühiti olmur: “Rəqabətin olması üçün təsərrüfat subyektləri çox olmalıdır. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ictimai nəqliyyat sahəsində rəqabətin olmadığını göstərir. Əgər rəqabət yoxdursa, qiymətlər dövlət tərəfindən tənzimlənirsə, bu zaman sahibkarların müraciəti daha dəqiq araşdırılmalıdır”.
Ekspert hesab edir ki, subsidiyanın verilməsi və ya qiymətin artırılmasını yalnız xüsusi komissiya müəyyən edə bilər. Bu zaman gəlirlər, xərclər, adambaşına düşən maya dəyəri nəzərə alınmalıdır. Lakin bu sektorda rəqabət mühiti yaradılarsa, taksi bazarındakı kimi qiymətlər özü enəcək,
Günel CƏLİLOVA