Minlərlə qeyrətli oğul kimi, dağlar diyar Lerikin qartal balası şəhid kapitan Əbülfəz Rəhmətov da Vətənini öz canından əziz bildi. Həyatı dərk edən gündən Əbülfəzin qəlbində işğalçı erməni dığalardan intiqam, qisas almaq alovu səngimir.
Odur ki, İkinci Qarabağ müharibəsində qözunu qırpmadan, ölümün gözünə dik baxaraq şüurlu sürətdə özünü odun-alovun içinə atır. Kəşfiyyatçı və motoatıcı taborun rəisi olaraq düşmənə qarşı vuruşur. Hər döyüşdə də Vətən məhəbbəti, yurd sevgisi ona uğur gətirir. Füzulidə, Cəbrayilda, Qubadlıda gedən haqq savaşımızın qəhrəmanı olur. Sözün əsl mənasında, düşmənə qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. Şəhid olduğu gündə də son damla qanına qədər döyüşür və “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz” - deyib əbədi gözlərini yumur. Şərəfli bir ölümlə cismanı dünyasından ayrılır, milyonların ürəyində özünə əbədi məkan qurur.
Vətən qarşısında xüsusi xidmətləri olan, öz qəhrəmanlığı ilə dastan yazan Əbülfəz Rəmətov ölümündən sonra dövlət tərəfindən sonra “3-cü dərəcəli vətənə xidmətə görə Rəşadət” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur.
Lerik camaatı qəhrəman oğlunu həmişə böyük ehtiramla xatırlayır, onun adına layiqli işlər görürlər. Əbülfəzin şəhadətə ucaldığı gündən iki il ötür. Anım günündə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və kənd sakinləri doğulub boya-başa çatdığı Ambu kənd qəbiristanlığında məzarı ziyarət edib, qəbirüstü abidənin üzərinə gül dəstələri düzdülər.
Qəhrəman şəhid haqqında söz düşəndə bildirildi ki, Əbülfəz Vətəninə, torpağına bağlı bir igid idi. Uşaqlıqdan qəhrəman kimi böyümüşdü. O, heç erməni dığaların işğalçılıq siyasəti ilə barışmırdı. Özünü dərk edəni əsas amalı, məqsədi doğma Azərbaycanı qorumaq, mübarizliklə yağıya qalib gəlmək olub. Vətənə olan sevgisini onun yolunda canından keçməklə sübut etdi. İndi hər ürəkdə yeri var Əbülfəzin. Qərinələr keçəcək, gələcək nəsillər üçün də həyat yolu örnək olacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü