Bəri başdan deyim, Lerik rayonunda elə kənd var, son 30 ildə bir ev belə artmayıb. Əksinə, doğma yurdunu qoyub köçənlərin sayı daha çox olub. Bu da onda irəli gəlir ki, sovet dağılanı Lerikin dağ kəndlərində adam kimi yaşamaq üçün heç bir iş görülməyib.
Olanlar da xalqın taleyinə məsul məmurlar tərəfindən dağıdılıb. İllər keçdikcə işsizlik, sosial problemlər kəndləri iflic günə salıb. Bir-iki qoluzorlu bəy ömrü sürüb, mənəviyyatı olanlar isə onlara nökər olub. Odur ki, indi rayonun çox yaşayış məntəqəsinə üz tutası olsan, gözünə cavan dəyməz. Qalanlar 70 yaşdan yuxarı pensiyaçılardır. Onlar öz aləmində ömrünü başa vurmuş kimi son günlərini gözləyir. Özbaşınalıq üzündən ötən 30 ildə o qədər əziyyət, əzab görüblər, artıq heç nəyi veclərinə almırlar. Alsalar da, faydası olmaz. Rayon məmurlarının yalan vədlərini çox eşidiblər.
Bir də hər dəfə bu dağ rayonuna yeni icra başçısı gələndə, idarə rəhbərləri rüşvətin məbləğini artırırlar. Guya bunu yeni icra başçısının “özünə gəlməsi” üçün edirlər. İndi Lerikdə çətin anda güvənib üz tutduğun yerə cibi boş getsən, eşitdiyin söyüşdən başqa heç nə olmaz...
Yaşlı adamlar bankomat yarananı dövlət tərəfindən aldıqları pensiya pullarına belə aylarla həsrət qalırlar. Çünki kəndlərdə dediyim cihaz yoxdur, digər tərəfdən ictimai nəqliyyat da sovet dağılanı ləğv olunub. Vov, Vənədi, Ləkər, Conu, Vıjaker, Loda, Kaqoy, Hamarat, Bradi, Dzdipok, Siyov, Hovil, Mistan, Daster, Qışlaq, Aküşəpeştə, Loda ... saymaqla qurtarmaz kəndlərinin yaşlı adamları daha çox əziyyət çəkirlər.
Dzdipok kənd sakini, pensiyaçı İsfəndiyar Əşrəfov bu barədə deyir: - Respublikada bankomat mütərəqqi üsul olsa da, bizim başımıza bəladır. Aylarla pensiya pulumuz kartlarda qalır. 5-6 kəndi birləşdirən məntəqələrdə bir bankomat quraşdırılsa problem öz həllini tapar. Təəssüf ki, məsələni dəfələrlə qaldırsaq da, bizi eşidən olmayıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü