Bu günlərdə filologiya elmləri doktoru, professor Cəlil Qəriboğlunun “Epos poetikası və psixoanaliz” (The Poetics of Epos and Psychoanalysis) kitabı Londonda ingilis dilində yayımlanıb. Nəfis tərtibatla yayınlanan kitaba müəllifin müxtəlif dövrlərdə qələmə aldığı “Kitabi Dədə Qorqud”, “Koroğlu”, klassik Azərbaycan romanı və Kamal Abdullanın nəsr poetikası ilə bağlı əsərləri daxil edilib. Kitabın ingiliscə mətninin redaktoru Maykl Brannokdur.
Qeyd edək ki, Cəlil Qəriboğlu xeyli dərslik və monoqrafiyanın, tərcümə kitablarının və çoxsaylı məqalələrin, o cümlədən “Serb romantik poeziyası və Şərq” (1987), “Koroğlu” dastanının Çin qaynaqları” (1998) adlı kitabların müəllifidir. “Azərbaycan-Yuqoslaviya ədəbi əlaqələri” (2003), “Qədim Şərq ədəbiyyatı tarixi” (2004), “Klassik fransız ədəbiyyatından yeddi portret” (2014),
“Qərbi Avropa ədəbiyyatı” (2019) və s kitabların müəllifidir. Bədii tərcümə ilə də məşğul olan Cəlil Qəriboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin Dünya Ədəbiyyatı kafedrasının müdiridir.
“Epos poetikası və psixoanaliz” monoqrafiyası müəllifin ingilis dilində yayınlanan ilk kitabı deyildir. Belə ki, 2018-ci ildə onun “Koroğlu” eposunun Çin qaynaqları” adlı araşdırması Londonda nəşr olunmuşdur.
Professor Cəlil Qəriboğlunun yeni kitabında bir tərəfdən “Kitabi-Dədə-Qorqud” dastanının poetikası, semantikası, psixoanalizi məsələləri, digər tərəfdən “Koroğlu”nun Çin qaynaqları, Azərbaycan romanının Qərb ənənələri və Avropa romanları ilə əlaqəsi müqayisəli şəkildə təhlil edilir.
Kitabı amazon.com saytından sifariş yolu ilə əldə etmək olar.
Baki-xeber.com