Məlum olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq 17 may 2023-cü il tarixində təşkil olunacaq. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Maraqlıdır, bu cür yoxlama niyə bölgələrdə deyil, bir tək Bakıda keçirilir?
“Monitorinqlər təkcə şagirdlərin bilik səviyyəsini deyil, ibtidai sinif müəllimlərinin də hansı bacarıqlara sahib olduğunu üzə çıxarır”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu monitorinqlər təhsilin ibtidai pilləsini bitirən şagirdlərin bilik və bacarıqlara nə dərəcədə yiyələndiyini müəyyən etmək məqsədi daşıyır. Nəticələr tədris prosesində hansı addımların atılmalı olduğunu da göstərir: “Məlumdur ki, monitoriqn 3-cu siniflərdə keçiriləcək. İbtidai sinfi bitirən şagirdlərin bilik səviyyəsi yoxlanılacaq. Monitorinqlər təkcə şagirdlərin bilik səviyyəsini deyil, ibtidai sinif müəllimlərinin də hansı bacarıqlara sahib olduğunu üzə çıxarır. Müəllimlər şagirdlərə bilik və bacarıqları nə dərəcədə aşılaya bilib, fənləri hansı dərəcədə tədris edə biliblər. Bu monitorinqlər həm şagirdlərin, həm də müəllimlərin səviyyəsini müəyyən edir. Bəli, bu yoxlama bölgələrdə deyil Bakıda keçirilir. Yaxşı olar ki, bu cür yoxlamalar bütün təhsil müəssisələrini əhatə etsin. Belə olarsa ölkədə təhsil alan bütün şagirdlərin bilik səviyyəsi bəlli olar. Danılmaz faktdır ki, bu gün bölgələrdə vəziyyət heç də ürəkaçan deyil. Şagirdlərin davamiyyəti aşağıdır, yetərincə bilik əldə edə bilmirlər. Bəzən elə hal olur ki, bir müəllim bir neçə fənni tədris edir. Təbii ki, belə olan halda şagird lazımi səviyyədə bilik əldə edə bilməyəcək. Bu səbəbdən də hesab edirəm, yoxlamaların Bakı ilə yanaşı bölgələrdə də keçirilməsi daha məqsədəuyğundur”.
Günel CƏLİLOVA