“700 bal yoxdursa, dünya dağıldı?! Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın. Ümumiyyətlə, 290 baldan yuxarı nəticə göstərən şəxslər 300 bal toplayanlardan pedaqoji nöqteyi-nəzərdən fərqlənmirlər”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, onların bilik səviyyəsi, demək olar ki, eynidir: “Hansısa texniki məsələyə görə, hansısa bir problemə görə abituriyentlər 300 balı toplamayıblar. Bu təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 200-dən, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun”.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “700 bal yoxdursa, dünya dağıldı?” fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Maraqlıdır, 700 bal məsələsi doğrudanmı adi qarşılanası məsələdir, bununla bağlı narahat olmağa dəyməz?
“700 bal axtarışında olmaq, maksimum bal istəmək şagirdin birbaşa gələcəyini müəyyən etmir”
Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uşaqlar bizim gələcəyimizdir. Onların üstünə bu qədər getmək, lazımi bal toplamadığına görə ittiham etmək olmaz: “Məktəblilər arasında qeydə alınan son intiharları bilavasitə məktəblə, təhsillə ələqəndirməsək də, bu kimi halların baş verməsində məktəbin, təhsildəki uğursuzluqların rolunu danmaq da ədalətsizlik olardı. 700 bal toplayan olmadı, dünya ki dağılmadı...!? Elə isə, əgər 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə belə gətirməyə haqqımız yoxdur. 700 bal axtarışında olmaq, maksimum bal istəmək şagirdin birbaşa gələcəyini müəyyən etmir. Bizim əsas məqsədimiz keyfiyyətli şəxsiyyət yetişdirməkdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, abituriyentlərin zəif nəticə göstərməsinin səbəblərindən biri də onların zəif hazırlaşmalarıdır: “Onlar görürlər ki, aşağı ballarla ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür, buna görə də özlərinə çox əziyyət vermirlər. Həmçinin, qəbul qaydaları və dərsliklər çətindir. Uşaqlar yaxşı hazırlaşa bilmirlər. Pandemiya və imtahanın yaratdığı psixoloji çətinliklər də təsir edir. Həmçinin Elm və Təhsil Nazirliyinin tədrisi yaxşı təşkil etməməsi və imtahan suallarının çətinliyini əsas səbəb kimi qeyd edə bilərik”.
Günel CƏLİLOVA