İllər əvvəl orta statistik azərbaycanlı qızının həkim və ya müəllim, oğlunun prokuror və ya polis olmasını arzulayırdı. Necə deyərlər, qeyd edilən peşələr bir növ brend ixtisaslar sayılırdı.
Məlumdur ki, mayın 5-də ali məktəblərə qəbul üçün qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzinin səhifəsində yer alan məlumatlar artıq indidən müzakirələrə səbəb olub. Belə ki, ilk dəfə I- II ixtisas qruplarına sənəd verən abituriyentlərin sayı III ixtisas qrupuna sənəd verən abituriyentlərin sayını üstələyib. Humanitar ixtisaslara marağın azalması nə ilə bağlıdır? Ötən il I-II ixtisas qruplarına keçid balı aşağı olduğu üçün abituriyentlər I-II qrupuna axın edirlər, yoxsa Azərbaycanda humanitar elmlər özünün tənəzzülünü yaşayır?
“İnformasiya texnologiyaları dinamik sahədir, hər gün inkişaf edir, bir çox sahələr elektronlaşır, çoxşaxəli formalar yaranır”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, illər əvvəl humanitar sahəyə maraq yüksək idi. Ancaq indi dövr və düşüncə dəyişib: “Bu gün də sürətli texniki tərəqqi dövrüdür. Elektronlaşdırma, texnika həyati tələbatların ödənməsində əsas rol oynayır. Əlbəttə ki, bir insan elektron aparatların dilini bilirsə, mexanizmlərdən "başı çıxırsa”, yaxşı əmək haqqı alacaq, qazanacaq və dolanışığını təmin edəcək. İnsanlar özünü texniki yaradıcılıqda görür. Mühəndislik, inşaat, memarlıq, iqtisadiyyatın idarə olunması... kimi ixtisaslar aktuallıq və populyarlıq qazanır. Çünki bunu zaman tələb edir. Təkcə texniki mühəndislik deyil, elektron mühəndisliyi, kimya mühəndisliyi sahələri də var. Bu sahələrdə dünya miqyaslı kəşflər edilir. Burada xarici dil bilmək də əhəmiyyətlidir. Xarici dil bilməklə istədiyin ölkə ilə əməkdaşlıq edə bilərsən. Yəni, bu ixtisaslarda insanın öz bilik və bacarığını realizə etmək imkanları daha genişdir. Gənclər də doğru seçim edir. Görürlər hansı peşələr gəlirlidir, rahatdır, o sahədə biliklərini artırmağa və çalışmağa üstünlük verirlər”.
Ekspert onu da əlavə etdi ki, ölkənin inkişaf konsepsiyasına uyğun olaraq, ildən-ilə Azərbaycanda gənclərin dəqiq elmlərə, xüsusən mühəndis- texnoloji sahəsinə marağı artır. Bu ixtisaslar I qrupda formalaşdığı üçün I-II ixtisas qruplarına daha çox sənəd verilir. İnformasiya texnologiyaları dinamik sahədir, hər gün inkişaf edir, bir çox sahələr elektronlaşır, çoxşaxəli formalar yaranır. Bu sahənin aktiv kadrlarına böyük ehtiyac var. Həyatımızın hər sahəsinə kompüter elmlərinin təsiri mövcuddur. Cəmiyyəti informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil.
Günel CƏLİLOVA