“Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın növbəti sayı işıq üzü görüb. Tanınmış yazar, AYB üzvü, Respublika Xatirə Kitabı redaksiyanın baş redaktoru Nəzakət Məmmədovanın təsisçiliyi və baş redaktorluğu ilə 12 ildir ki, fasiləsiz olaraq oxucuların görüşünə gələn jurnal çox böyük bir missiya daşıyır - şəxsiyyətləri yada salmaq, yaddaşa qaytarmaq, unutmağa qoymamaq, hər zaman diri saxlamaq.
Dövrümüzün görkəmli qələm adamlarının xatirə, nostalgiya, duyğu dolu yazılarına, fikirlərinə qucaq açan “Yada düşdü”nün səhifələrində bütün nəsillərə mənsub qələm adamlarının imzasına, yazısına yer ayrılır. Jurnalın bu sayında Pərvinin “Yaşamaq zamanı, yazmaq zamanı”, Qənirə Paşayevanın “Azərbaycanın ilk peşəkar qadın rəngkarı”, Rəfail Tağızadənin “Milli-mənəvi sərvətimiz-Rafiq Əliyev”, Rübabə Şirinovanın “İctimai xadim, el ağsaqqalı-Qəmbər Şəmşiroğlu”, Barat Vüsalın “Yaxşı ki, dünyada nənələr varmış”, Zəkəriyyə Babayeva-Əbilovanın “Fərid Ələkbərli dünya tibb tarixi alimlərinin gözündə”, Dilarə Ağamusa Nağıyevanın “Şuşa ilinə ithaf edilən kitab”, Sabir Rüstəmxanlının “Qəlbimizə yazılan şeirlər”, Hüseynbala Mirələmovun “Böyük çölün fəryadı”, Maarifə Hacıyevanın “İndi “Qarabağnamələr” zəfər yolundan yazırlar”, İnqilab İsaqın “Yada düşə”, Əkbər Qoşalının “Çobanbayatı”, Vasif Quliyevin “Sevgili şəhərimizin səsi”, Təranə Məmmədin “Zarafat”, Ramiz Mövsümün “Şair Hüseüyn Hüseynzadənin oğul dağı”, Mehmed Özmer Kazancıdan bir demet şiir, İbrahim İlyaslının “Çox da ki yerdə qəribəm…”, Adilə Nəzərin “Yolayrıcı”, Sabir Arazlı Özgünün “Hardasan, ay Sevil?”, Azər Turanın “Ölümü hatırlatan ne var bu resimde?”, Zümrüt Zəmzətqızı Dibirovanın “Yada düşər xatirələr”, Daşdəmir Əjdərdəroğlunun “Balaca qəhrəmanın böyük uğurları” yazıları, habelə “Gözlədiyimiz kitablar”, “Uşaqlar, ay uşaqlar” rubrikaları ilə tanış ola bilərsiniz.
Jurnalın titul səhifəsində isə Nəzakət Məmmədovanın “Dərd daşıyıram” şeiri dərc olunub.
Ruhum əzəl gündən haqqın vurğunu,
Kövrək arzularım illər yorğunu,
Kədər gözlərimdən qovub yuxumu
Gecəni səhərə gec daşımışam,
Bu gecə çiynimdə dərd daşımışam.
“Yada düşdü”nün bu sayında çox maraqlı, gözəl yazılar yolunuzu gözləyir. İnanırıq ki, hər bir yazı sizin qəlbinizdə xoş, nostalji hisslər oyadacaq…
İradə SARIYEVA