Vitrinlərə qoyulmuş bir çox ərzaq məhsullarının üzərində rus markaları, yaxud rus dilində yazılarla hər gün hamımız qarşılaşırıq. Zahiri görünüşünə görə bu malların Rusiyada istehsal edildiyi barədə təəssürat yaranır.
Məlumdur ki, Azərbaycan bazarında yerli məhsullarla yanaşı xarici ölkələrdə istehsal olunan məhsullar da satılır. Maraqlıdır ki, xaricdə istehsal olunan məhsullarla yanaşı, yerli məhsulların da bəzilərinin adı xarici dildə, əsasən də rus dilində yazılır.
Yerli məhsulun üstündəki ad və onun haqqındakı informasiya niyə xarici dildə yazılır?
Aytəkin Kamranqızı: “Azərbaycanda istehsal olunan məhsulların adları birinci öz dilimizdə, daha sonra...”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli brendlərə məxsus malların üstünə xarici dildə yazı yazmaq olar, amma bu, ana dilində yazılandan daha qabarıq olmamalıdır: “İstehsal olunan yerli mallarda xarici dildən istifadə olunmasına icazə var. Lakin bəzən elə hallara rast gəlinir ki, yerli istehsalçı buraxdığı malın üstünə xarici dildə ifadələri istehlakçını aldatmaq məqsədi ilə yazır. Azərbaycanda istehsal olunan məhsulların adları birinci öz dilimizdə, daha sonra isə başqa dildə yazılmalıdır”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə dünya xalqlarının bir çox nümayəndələri yaşayır, o cümlədən gələn turistlərin də sayı artmaqdadır. Amma bu fakt bizə yetəri qədər səbəb vermir ki, başqa dilə ehtiyac duyaq.
Eyyub Hüseynov: “Əhalini aldatmaq üçün belə bir addım atılırsa, bu yolverilməzdir”
Azad İstehlakçılar Birliyinin (AiB) sədri Eyyub Hüseynov qeyd etdi ki, “Dövlət dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən dondurmalar xarici dillə yanaşı milli dildə markalanmalıdır: “Yerli istehsal məhsulları isə, əlbəttə, yerli dildə markalanmalı, istehsal olunmalıdır. Bu, qanunun pozulmasıdır. İstehlakçıların beynəlxalq və yerli hüquqlarından biri olan mal haqqında informasiya almaq hüququnun pozulmasıdır. Yerli istehsal olan məhsulun üzərinin xarici dildə yazılması istehlakçıların çaşdırılmasıdır. Əhalini aldatmaq üçün belə bir addım atılırsa, bu yolverilməzdir. Bu, istehlakçıları aldatma jestidir”.
Günel CƏLİLOVA