Müqəddəs şəhidlik zirvəsindən boylanan Sənan Nizami oğlu Ağazadənin 23 yaşı tamam oldu. Milyonların qəlbində özünə əbədi yurd-yuva quran bu Vətən sevdalısı 2000-ci ilin may ayının 1-də Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açıb.
Qalib şəhidimiz İkinci Qarabağ müharibəsində 44 günlük haqq savaşımızda Füzulinin azadlığı uğrunda şücaət göstərib. Belə ki, tuşlayıcı kimi hədəfi sərrast nişan alması sayəsində erməni dığalarının bir neçə hərbi texnikasını, 35 əsgərini məhv edib. Ağır müharibə meydanında oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb. Həyatda az yaşasa da, layiqli bir övlad olaraq canından artıq sevdiyi Vətən qarşısında son borcunu şərəflə verib. “Vətən uğrunda” və “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medallara layiq görülüb.
Sənan Ağazadənin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri qəhrəman övladımızın məzarını ziyarət edib, uyduğu müqəddəs yerə ehtiram əlaməti olaraq təzə güllərdən çələng hörüblər. Ziyarətçilər daha sonra şəhidin ailə üzvlərinə baş çəkiblər. Səmimi söhbət zamanı Sənanın Vətənə, yurduna sonsuz sevgsindən, müharibədə göstərdiyi igidlikdən danışılıb. O, bildirilib ki, dövlətimiz, xalqımız var olduqca, 30 il düşmən tapdağında qalan torpağı qanı bahasına Vətən edən, mənən bizimlə həmişə bir olan şəhidlərin xatirəsi daimi uca tutulacaq, hər zaman hörmətlə anılacaq. Öz adında millətin qəhrəmanlıq simvolunu yaşadan şəhidlərin ömür yolu həm də gələcək nəsillərə örnək olacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü