Narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbə olduqca dəhşətlidir. Təəssüf ki, bir çoxları bunu bilə-bilə, yenə də həyatını təhlükəyə atır. Artıq bəşəri bəla son vaxtlar daha geniş hal alıb. Onunla bütün cəmiyyətin mübarizə aparmağı olduqca vacibdir.
Bu fikirlər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Göyşaban kənd Yaradıcılıq Evinin birgə təşkilatçılığı sayəsində Göyşaban kənd Yaradıcılıq Evində baş tutan maarifləndirici tədbirdə deyildi.
Tədbirdə çıxış edən natiqlər daha sonra bildirdilər ki, narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, eləcə cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Dövrümüzün ağır bəlasına çevrilən narkomaniyadan yaranan asılılıq ömür boyu onu istifadə edən şəxsi cəmiyyətdən geri salır, məhz uğurlu gələcəyini məhv edir. Dövlətimiz tərəfindən narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər görülür. Qaldı ki, "Ağ Ölüm"ə son qoymaqda xalqının gələcəyini düşünən bütün ağıllı insanlar bir olmalıdır. Bir də gənclərin nəzarətsiz mühitin təsirinə düşməsi səbəbdən narkomaniyaya qurşanması adi haldır. Buna görə məktəblərdə belə maariflənmə işləri mühüm əhəmiyyət daşıyır. Ölkə əhalisinin sağlamlığını prioritet məsələ hesab edən dövlət başçısı İlham Əliyev hər zaman öz çıxışlarında bildirir ki, gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən uzaq durmalı, idman məşqlərinə və kütləvi idman tədbirlərində iştirak etməlidir. Bizim də gənclərə, yeni yetmələrə birinci tövsiyəmiz belədir.
Sonda tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən və idmanla bağlı video-çarx nümayiş edilib.
Onu da bildirək ki, tədbirin iştirakçıları Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Lənkəran ŞRPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə, polis mayoru Fazil Bağırov, Mədəniyyət Mərkəzinin Direktoru Anar Kakayev, Azərbaycan Vətən müharibəsi veteranlar ictimai birliyinin Lənkəran rayon şöbəsinin müavini Saleh Dostiyev, Göyşaban kənd tam orta məktəbinin direktoru Münasib Nuriyev, məktəbin 70 şagird, bir qrup müəllim heyəti və valideynlər olub.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü