Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri də himayədar ailə institutudur. Bu model dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur.
Bir çox ölkələrdə himayədar ailə modelindən istifadə edilir. Bununla valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməklə onların normal həyatı təmin olunur.
Məlumat üçün bildirək ki, himayədar ailələrlə bağlı yeni müavinət təsis edilib. Belə ki, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib və müavinətlərin təyin olunma şərtləri müəyyənləşib.
“Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, himayədar ailə modeli inkişaf etmiş ölkələrin hər birində var. Himayədar ailələrin sayəsində hər il xarici ölkələrdə nə qədər uşağın uşaq müəssisəsinə düşməsinin qarşısı alınır: "Bizim xalqımızın mentalitetində var ki, hansısa uşağa baxırlarsa, onu özününküləşdirsinlər. Belə düşünürlər ki, uşağa baxıb onun böyüməsinə dəstək olacaqlarsa, ona valideynlik hüququ onlara məxsus olmalıdır. Bəzən ehtiyat edirlər ki, qayğı və dəstək göstərdikləri uşaq böyüyəndə öz ata-anasının yanına qayıdar. Ona görə də himayədar ailə ilə bağlı insanlara məlumat vermək lazımdır”.
Birlik sədri hesab edir ki, himayədar ailələrə stimul verilməsi vacib şərtdir: “Qanuna edilən dəyişikliyə əsasən, himayədar ailələrə müavinət veriləcək. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək. Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır”.
F.Hacıbəyli bildirdi ki, "Himayədar ailə" qayğı modelinin əsas məqsədi uşaqların ailə mühitində yetişdirilməsi, onlara ailə tərbiyəsinin verilməsidir: “Bu model Azərbaycan cəmiyyəti üçün yad deyil. Cəmiyyətdə kifayət qədər ailələr var ki, öz qohumunun, qonşularının övladlarını götürüb saxlayır, qeyri-rəsmi qayğı göstərirlər. Buna görə hər hansı ödəniş almırlar. Hüquqi mexanizm formasında təsdiq edilməsi bu qayğını daha cəlbedici edəcək”.
Günel CƏLİLOVA