Bu günlər dağlar diyarı Lerikin qartal balası, Birinci Qarabağ müharibəsinin şəhidi leytenant Arif Nuriyevin doğum günü adını daşıdığı Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində qeyd olunub.
Rayon sakinləri ilə bərabər Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavini E.Məmmədovun, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri V.Məlikovun, şəhid, leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru G.Şıxəliyevanın, liseyin şagird-müəllim kollektivin, şəhidin ailə üzvlərin qatıldığı mərasimdə qəhrəman Vətən oğlunun məzarı ziyarət olunub və önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra mərasim iştirakçıları liseydə şəhid leytenant Arif Nuriyevin xatirəsinə yaradılan muzeyi baş çəkib onun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açıblar.
Arif Ələskər oğlu Nuriyev 1971-ci il tarixdə Lerik rayonunda müəllim ailəsində dünyaya göz açmışdır. Vətənin dar günündə Qorkidə aldığı zabitlik təhsilini yarımçıq qoyub Bakıya qayıdır, burada təhsilini davam etdirə-etdirə əzəli, əbədi yurd yerimiz, cənnət məkan Qarabağda gedən müharibədə ən qaynar döyüş bölgələrində doğma Azərbaycanın keşiyində durur. 8 yanvar 1994-cü ildə qəhrəman zabitimiz Ağdamın İlxıçılar kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalır. Beləcə, həyat qədər dəyərli ölümü 23 yaşında ona əbədiyyət qazandırır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü