Restoran və kafelərdə qonaqlara dana, qoyun əti ilə yanaşı quş ətindən də müxtəlif təamlar təklif olunur. Son zamanlar sosial şəbəkələrdə bəzi restoranlarda ovlanması qadağan olunan, adı “Qırmızı kitab”a düşən heyvanlardan hazırlanan yeməklərin menyusu paylaşılır.
Belə bir hal “Salam Aleykum” adlı restoranda müşahidə edilib. Sosial şəbəkədə adıçəkilən restoranın menyusu paylaşılıb. Menyuda restoran müştərilərinə kəklik, qırqovul, bildirçin və turac kimi çöl quşlarından plov təklif edir. Məlumat üçün bildirək ki, turac “Qırmızı kitab”a daxil edilib.
“Salam Aleykum”: “Çöl quşlarından hazırlanan təamlar menyudan çıxarılıb”
Məsələ ilə bağlı adıçəkilən restoranla əlaqə saxladıq. “Salam Aleykum” adlı restorandan “Bakı-Xəbər”ə bildirildi ki, hazırda restoranda quş əti, çöl quşlarından hazırlanan təam yoxdur: “Çöl quşlarından hazırlanan təamlar menyudan çıxarılıb. Sosial şəbəkədə paylaşılan fotoya gəlincə, həmin menyu sadəcə görüntü olaraq hazırlanıb”.
Məhsəti Əliyeva: “Dövlət tərəfindən bəzi heyvanların, quşların, balıqların ovuna qadağa qoyulub, ancaq buna baxmayaraq…”
Qida mütəxəssisi Məhsəti Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu kimi hallara bir çox yerlərdə rast gəlmək mümkündür: "Dövlət tərəfindən bəzi heyvanların, quşların, balıqların ovuna qadağa qoyulub. Ancaq buna baxmayaraq, ovlanması qadağan olunan heyvanlar, quşlar, balıqlar müştərilərə təklif olunur. Həmin restoranlar mütləq ifşa olunmalıdır. Əslində hələ məlum deyil ki, restoranlar istehlakçıya qeyd edildiyi kimi çöl quşu yedirir, ya broyler toyuq. Aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlamalıdır”.
Hüseyn Axundov: “Qanunla "Qırmızı kitab”a düşən heyvanların ovlanması qadağandır”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qanunla "Qırmızı kitab”a düşən heyvanların ovlanması qadağandır. Ancaq ola bilər ki, restoran rəhbərliyi həmin heyvanın ətini xaricdən də gətirsin. Bu məsələnin digər və əsas tərəfi istehlakçıların hüquqlarının pozulması məsələsidir: “Belə ki, burada həm istehlakçıların hüquqlarının, həm də "Reklam Haqqında Qanun”un pozulması aktı var. Məsələn, Coratda bir çox restoranlarda dəvə qutabı verildiyi deyilir. Amma bu qədər dəvənin olması bir qədər inandırıcı deyil. İstehlakçılara əslində olmayan məhsul haqqında yalan reklam verilir. Bunun üçün qanunla müvafiq cərimə nəzərdə tutulur. Belə ki, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalandan məlumatlardan reklamda istifadə etməyə görə fiziki və hüquqi şəxslər müəyyən məbləğdə cərimə edilə bilər. Həmçinin, yuxarıda qeyd etdiyimiz kimi, burada istehlakçının hüququ da kəskin şəkildə pozulur. Qanuna əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, habelə, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə cərimə nəzərdə tutulur”.
Leyla QARAXANLI