Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
TƏBİB-dən məlumata görə, tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.
Gəncə şəhər prokurorluğundan isə bildirilib ki, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır