Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-dən məlumat verilib.
Ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
XXX
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
FHN-dən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.
Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından iki nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.