Azərbaycan hər il sürəti artan qlobal internet şəbəkəsi ilə ayaqlaşa bilmir. “Wisevoter.com” saytı ən sürətli internetə sahib ölkələrin siyahısını açıqlayıb.
Göstəricilərə əsasən, Azərbaycan ən sürətli internetə sahib ölkələrin siyahısında 35.7 Mbps orta sürətlə 124-cü yerdə qərarlaşıb. Maraqlı məqam ondan ibarətdir ki, sıralamada Madaqaskar 119, Qvatemala 122, Honduras 123-cu yerdə qərarlaşıb.
Siyahıdan də bəlli olur ki, internetin sürətinə görə Madaqaskar, Honduras kimi ölkələrdən geridəyik.
“Kəndlərin əksəriyyətində normal 3G və 4G mobil internet xidməti göstərilmir, nə yüksək sürətli, nə mobil internet, nə də fiber optika var, bu da statistik göstəricinə təsir edir”
İKT sahəsi üzrə ekspert Nadim Əliyev qeyd etdi ki, Azərbaycanda keyfiyyətli internetin əlçatan olması ilə bağlı ölkə rəhbərliyi ciddi işlər görür: “Öncəki illərdə dövlət başçısı ölkədə internetin sürətinin və keyfiyyətinin artırılması barədə dəfələrlə tapşırıqlar verib və bu istiqamətə kifayət qədər dövlət investisiyası xərclənib. Bütün istiqamətlərdə şəhər və ən ucqar kəndlərinə genişzolaqlı internetin çəkilməsi üçün dövlət vəsaiti xərclənib. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə internet fundamental ehtiyaclardan biri halına gəlib və zəruri həddə çatıb”.
Ekspert hesab edir ki, problem regionlarda, xüsusilə kəndlərdə daha çox müşahidə edilir: “Region mərkəzlərində bu istiqamətdə işlər görülsə də, bütövlükdə, əhalinin böyük əksəriyyətinin yaşadığı kəndlərdə fiber optik internetlə bağlı problem var. Burada yüksək sürət əldə etmək mümkün deyil. Kəndlərin əksəriyyətində normal 3G və 4G mobil internet xidməti göstərilmir. Yəni yüksək sürətli nə mobil internet, nə də fiber optika var. Kəndlərdə vəziyyət belə olduğuna görə, toplam ölkə üzrə internetin orta statistik göstəricinə təsir edir. Bununla bağlı nazirlik 2 illik proqram elan edib. Həmin müddətin artıq yarısı gedib. Nazirlik bütün ölkə üzrə yeni bir fiber optik internet infrastrukturun yaradılmasını hədəfləyir. Bu istiqamətdə müəyyən işlər aparılır. Ancaq görülən işlər ləng gedir. Elə rayon var ki, kəndlərində infrastruktur qurmağa başlayıblar, dirəkləri yerləşdirib, kabelləri çəkiblər, amma internet verə bilmirlər. Hesab edirəm, nazirlik özü monitorinq aparmalıdır ki, kimlərlə işləyir, hansı podratçılarla iş qurur”.
Günel CƏLİLOVA