Ali təhsil almaq hüququ qazanan hər bir tələbə universitet seçimi zamanı xüsusilə paytaxtda yerləşən təhsil ocaqlarına üstünlük verir. Hətta bölgələrdə dövlət universitetləri yerləşsə də, regionlardakı abituriyentlər Bakıdakı özəl universitetlərdə oxumağa can atır. Bu da nəticədə paytaxt Bakının yüklənməsinə səbəb olur.
Dövlət Statistika Komitəsinin 2021-2022-ci tədris ilinin əvvəlinə olan məlumatına görə, Azərbaycanda 212 173 tələbə olub. Onların 159 mindən çoxu Bakıda, 18 minə yaxını isə Sumqayıt və Abşeron rayonlarında qeydə alınıb.
Rəqəmlərdən də məlum olur ki, Azərbaycanda tələbələrin 80%-dən çoxu Bakı, Abşeron və Sumqayıtda, 8%-ə yaxını Gəncədə, 4,4%-i isə Naxçıvanda təhsil alır.
Ekspertlərin fikrincə, tələbələrin paytaxt və ətraf bölgələrə üz tutmasının səbəbləri təhsilin keyfiyyəti, daha yaxşı imkanların olmasıdır.
Maraqlıdır, regionlarda yerləşən ali məktəblərə maraq niyə azdır?
“Bu gün regionlarda böyüyən uşaqların əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb sosiallaşmaq istəyindən irəli gəlir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün regionlarda böyüyən uşaqların əksəriyyətinin paytaxtda yerləşən universitetləri seçməsinə səbəb sosiallaşmaq istəyidir: “Regionlarda olan universitetlərin son 5-6 ilə qədər infrastrukturu çox zəif olub. Hazırda bölgələrdə yerləşən ali və orta ixtisas təhsil müəssisələrində müəyyən işlər görülür. Ancaq istənilən halda bölgədə böyüyən gənc sosiallaşmaq üçün paytaxt universitetlərini seçir. Bundan başqa, bu, Bakıda yerləşən ali təhsil ocaqlarının həm nisbətən böyük olması, həm infrastrukturun daha üstün olmasından irəli gəlir. Dünyaca məşhur universitetlər var ki, əksəriyyəti bölgələrdədir. Hətta şəhərdə olsa belə, şəhər ətrafında yerləşir. Məsələn, Türkiyədə son illər yaranmış universitetlərin əksəriyyəti bölgələrdədir və ərazisi də 100 hektardan böyükdür, universitet şəhərciyi kimi fəaliyyət göstərir. Bu gün Azərbaycandan da Türkiyə universitetlərində təhsil almağa gedənlər heç də İstanbul və ya Ankaranı seçmir. Ancaq bizdə vəziyyət fərqlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yüksək təhsil verən professor-müəllim heyəti regionlardakı ali məktəblərə getmir və elə buna görə də orada keyfiyyətli təhsil bazası yaranmır.
Günel CƏLİLOVA