Enerji resurslarına getdikcə daha böyük tələb duyan Qərb ölkələri hazırda bu sahədə Azərbaycanla əməkdaşlığı intensiv şəkildə genişləndirməkdədir. Elə bundan irəli gəlir ki, artıq indidən “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycanın Avropaya daha çox həcmdə və Avropanın daha çox ölkəsinə təbii qaz satışının mümkünlüyü intensiv müzakirə olunur. Digər tərəfdən, Azərbaycan üzərindən Qərbin daha çox qaz almaq niyyəti də özünü qabarıq şəkildə büruzə verir.
Qeyd olunan məsələ ABŞ prezidenti Donald Tramp tərəfindən yenidən gündəmə gətrilib. Belə ki, Tramp Türkmənistan qazının Xəzər dənizi üzərindən Avropaya nəqlinin həyata keçiriləcəyinə ümid etdiyini açıqlayıb. ABŞ dövlət başçısının Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova ünvanladığı məktubda bu məsələ xüsusi vurğulanıb. Tramp bildirib ki, ABŞ hökuməti və biznes dairələri Türkmənistanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək üçün yeni istiqamətlər axtarır: “Ümid edirəm ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə əlaqədar Türkmənistan qazın Qərbə nəqli üçün yaranmış yeni imkandan istifadə edə biləcək”.
Xatırladaq ki, söhbət burada “Transxəzər” kəmərindən gedir. ABŞ-la yanaşı, məsələyə Avropa İttifaqı da xüsusi maraq göstərir. Burada hesab edilir ki, Xəzər dənizinin hüquqi statusuna dair məlum konvensiyanın qəbul edilməsi sayəsində Xəzər dənizi vasitəsilə qaz kəmərinin çəkilməsinin artıq zəruri hüquqi bazası yaradılıb. İndi bu qaz kəmərinin çəkilməsi üçün yalnız layihənin iştirakçı tərəflərinin razılığı və yüksək beynəlxalq standartlara cavab verən ekoloji ekspertiza tələb olunur. Qeyd edək ki, “Transxəzər” qaz kəməri layihəsi ildə 30 milyard kubmetr həcmində Türkmənistan təbii qazının ən azı 30 il müddətinə Xəzər dənizinin Türkmənistan sahillərindən ötürülməklə və Azərbaycandan keçməklə Avropa bazarlarına tədarükünü nəzərdə tutur. Qərb ölkələri ilə yanaşı, indi Türkmənistan özü də Avropa bazarına təbii qaz satışı imkanlarını nəzərdən keçirir. Məhz bununla bağlı olaraq “Transxəzər” kəmərinin tikintisi və türkmən qazının “Cənub Qaz Dəhlizi” üzrə Avropa ölkələrinə çatdırılması barədə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla fəal danışıqlar aparılır. Bu günlərdə Türkmənistan nümayəndə heyəti Avropa Komissiyasının təmsilçiləri ilə bu qaz kəmərinin tikintisi məsələlərini yenidən müzakirə edib. Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev də bildirir ki, Türkmənistan Avropa bazarlarına qaz tədarükü imkanlarını nəzərdən keçirir və bu məsələyə dair Avropa Komissiyası ilə intensiv danışıqlar aparır: “Biz Avropa istiqamətində ixrac marşrutlarını nəzərdən keçiririk, bu məsələ ilə bağlı Avropa Komissiyası və tranzit ölkələrlə fəal danışıqlar aparırıq”.
İndilikdə əsas diqqət buna cəmləşib ki, Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması üçün Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən “Transxəzər” kəmərinin tikintisi zəruridir. "Xəzər beşliyi"nin dövlət başçılarının dənizin hüquqi statusu haqqında konvensiyanı imzalamasından sonra bu məsələnin reallaşması tam mümkün sayılır. Türkmənistan bəyan edir ki, bu konvensiya Xəzərin dibi ilə Azərbaycana qədər “Transxəzər” qaz boru xəttinin çəkilməsinə imkan verəcək və xətt TANAP-a qoşulacaq.
Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beştərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla, 2015-ci ildən nazir müavinləri səviyyəsində davam etdirilib. "Türkmengaz" dövlət konsorsiumunun sədri Mırat Arçayev də vurğulayır ki, artıq ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsində iştirak imkanı mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək “Transxəzər” kəməri layihəsi gündəmdən çıxarılmayıb. Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi həm də Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması üçün zəruridir. Hesab edilir ki, Türkmənistanı bu layihəyə cəlb etmək mümkün olacaqsa, Azərbaycan bu Asiya ölkəsi üçün əsas qaz tranzitçisinə çevriləcək. Elə hadisələr də məhz bu istiqamətdə inkişaf edir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan üzərindən Avropaya daha çox qaz axını gözlənir. Yuxarıda qeyd olunduğu kimi, prosesdə Qərb ölkələri, o cümlədən də ABŞ maraqlı tərəf kimi çıxış edir. Hər halda görünən budur ki, göstərilən maraq və edilən təşəbbüslər nəticəsində yaxın tezlikdə “Transxəzər” kəmərinin çəkilməsinə start verilməsini gözləmək olar. Belə vəziyyətdə isə bu, ölkəmiz üçün yeni tranzit gəlirlərin əldə olunması deməkdir.
Nahid SALAYEV