Tahir Abbaslı: “Ancaq dünyanın reaksiyasını görəndən sonra ürəklənəcəklər”
ABŞ Prezidenti Donald Trampın Suriya ərazisi olan Colan təpələrini işğalçı İsrail torpaqları kimi tanımaqla bağlı imzaladığı sənədə etiraz edən dövlətlərin sayı artır. Dünyanın nəhəng ölkələri sayılan Çin və Rusiya Trampın bu qərarını kəskin tənqid ediblər. Ancaq maraqlıdır ki, ərəb coğrafiyasında baş verən bu hadisəyə ən susqun mövqeyi məhz ərəb ölkələri nümayiş etdirirlər.
Vəziyyət o həddə çatıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onların bu susqunluğuna etiraz edib. O xatırladıb ki, Suriya da Ərəb Dövlətləri Liqasının üzvüdür: "Bölgədəki ərəb ölkələrindən Donald Trampın qərarına reaksiya verən oldumu? İlk etirazı Türkiyə bildirdi. Avropa İttifaqı belə qərara etiraz etdiyi halda, ərəb dövlətləri İsrail məsələsində qorxularından səslərini çıxara bilmirlər. Tarixinə sahib çıxa bilməyənlər müqəddəs savaşlarına necə sahib çıxacaqlar?! Mən nə İordaniyanı, nə də Qətəri nəzərdə tuturam. Mən Qüdsün işğalı qarşısında ABŞ-a etiraz edə bilməyən, Qüdsün himayəçisi olan İordaniya və Fələstinə də "siz də səsinizi çıxarmayın, biz ABŞ və İsrailə müqavimət göstərə bilmirik" - deyən ərəb ölkələrini nəzərdə tuturam. Bunu demək mənim haqqımdır".
Doğrudan da ərəb ölkələrini öz ətrafında birləşdirən bir format kimi Ərəb Dövlətləri Liqasının bu məsələdəki susqunluğu nə ilə izah edilə bilər?
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı qəzetimizə bildirdi ki, bunun bir sıra səbəbləri var: “Başlıcası ondan ibarətdir ki, ərəb ölkələri bir-birindən daha çox İsrail və ABŞ-la yaxın əlaqədədirlər. Hətta əksəriyyəti onlara xidmət edir. Bütün təbii ehtiyatlarını belə o tip ölkələrə sümürür. Məhz bunun nəticəsidir ki, onlar öz yaxınlıqlarında baş verən hadisəyə belə susqunluqla reaksiya verirlər. Həmin ölkələrin əksəriyyətində islam dini hakim mövqeyə sahibdir. Ancaq təəssüflər olsun ki, islama uyğun şəkildə hərəkət etmirlər. Çünki islam zalımın yanında olmağı yox, məzlumun haqqını qorumağı tələb edir. Bir ərəb ölkəsinin ərazisi işğal edilirsə, ona necə seyrçi qalmaq olar? Bu, həmin ölkələrdəki rejimlərin ABŞ və İsraildən ehtiyat etməsinə görə baş verir. Ancaq dünyanın reaksiyasını görəndən sonra ürəklənəcəklər. Güman edirəm ki, Ərəb Dövlətləri Liqası hamıdan gec olsa da, BMT-yə müraciət etmək məcburiyyətində qalacaq. Onların bundan başqa yolları qalmayıb”.
Məhəmmədəli QƏRİBLİ