Zaur Əliyev: “Tarixi abidələrin dini məqsədlər üçün istifadəsini məqbul saymıram” Faiq Ələkbərli: “Aya Sofyanın məscidə çevrilməsini məqbul hesab edirəm”
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya mədəniyyətinin şah əsərlərindən biri olan Aya Sofya Muzeyini məscidə çevirmək təşəbbüsünü irəli sürüb. VI əsrdə inşa edilən Aya Sofya 1985-ci ildən UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib.
Ərdoğanın bu təşəbbüsü UNESCO-nun əlaqədar komitəsi tərəfindən müzakirə ediləcək. Məlumatlara görə, təşkilat Ümumdünya irs komitəsinin növbəti iclasına hazırlıq işi aparacaq.
Aya Sofyanı muzeydən məscidə çevirmək təşəbbüsünü irəli sürən Ərdoğanın fikrincə, bununla tarixi abidənin turistlər tərəfindən pulsuz ziyarəti üçün şərait yaranacaq.
Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya əvvəl pravoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey olaraq fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın “qızıl əsrinin” simvolu hesab edilir.
Tarixçilərin bildirdiyinə görə, 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq, il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir.
Tarixçilər qeyd edirlər ki, tikintisinə 532-ci ildə başlanan Aya Sofya dünyanın ən maraqlı tikililərindən biri kimi diqqəti cəlb edir.
Tarixçilər bildirirlər ki, Konstantinopol fəth edildikdən sonra II Mehmedin müdaxiləsi nəticəsində Aya Sofyaya zərər vurulmadı. Daha sonra Aya Sofyanın məscidə çevrilməsi məsələsində mozaikaların sökülməsi lazım oldu. Buna baxmayaraq, II Mehmedin əmri ilə mozaikalar sökülmədi və kirəclə örtüldü. 1847-1849-ci illərdə təmir zamanı mozaikaların qorunduğu məlum oldu. Zəng qüllələri dağıdılmadı və müvəqqəti olaraq taxta minarələr tikildi. Hazırkı minarələr II Səlimin vaxtında tikilib.
Ərdoğanın bu təşəbbüsünə tarixçilər birmənalı yanaşmırlar. Onların bir qismi hesab edir ki, Aya Sofyanın məscidə çevrilməsi düzgün deyil, bəzilərinin fikrincə isə Ərdoğanın təşəbbüsü alqışlanmalıdır. Bu fikri dəstəkləyən alimlər bildirirlər ki, Konstantinopol fəth edildikdən sonra Aya Sofya məscidə çevrilib və burada ilk namazı Fateh Sultan Mehmed qılıb. Hətta bildirilənə görə, Aya Sofya məscid kimi öz funksiyasını 1913-cü ilə qədər davam etdirib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyevin fikrincə, Aya Sofyanı məscidə çevirmək təşəbbüsü düzgün deyil. “Türkiyənin mədəniyyət xəzinələrindәn biri kimi tarixə düşən Aya Sofya İstanbulun siluetinә öz möhürünü vuran әsәrlәrdәndir. Müqəddəs Aya Sofya muzeyi dünyanın ən mühüm mədəniyyət abidәlәrindәn biri hesab olunur. Məbədlərin anası kimi tanınan bu möhtəşəm abidəni Böyük Konstantin tikdirib. Fateh Sultan Mehmed İstanbulu fәth etdikdәn sonra Aya Sofya mәscidә çevrilir. Mәsciddә ilk namazı Fateh Sultan Mehmedin özü qılır. Cümhuriyyәt dövrunәdәk mәscid olaraq istifadә edilәn Aya Sofya 19-cu әsrdә Sultan Әbdulmәcidin әmri ilә Fossatti qardaşları tәrәfindәn bәrpa etdirilir. Aya Sofya Atatürkün qərarı ilә 1934-cü ildәn etibarәn Bizans muzeyi olaraq fәaliyyәt göstәrmәyә başlayır. Məncə, Atatürkün o zaman verdiyi qərarı qorumaq lazımdır. Ərdoğan Fateh Sultan Mehmed kimi tarixə adını salmağa cəhd etsə də, məbədin tarixi Bizansla və xristianlıqla bağlıdır. Multikultural dünyada Ərdoğanın bu addımını düz hesab etmirəm. Tarixi abidələrin dini məqsədlər üçün istifadəsini məqbul saymıram” - deyə Z.Əliyev qeyd etdi.
Tarix üzrə fəlsəfə doktoru, tanınmış tədqiqatçı Faiq Ələkbərli isə hesab edir ki, Ərdoğanın təşəbbüsü doğrudur. F.Ələkbərlinin sözlərinə görə, Aya Sofyanın muzeydən məscidə çevrilməsi reallaşarsa, bu müsbət hal olar. “Ərdoğanın təşəbbüsü müsbətdir. Onun bu təşəbbüsü irəli sürməsinin, əslində, səbəbi var. Bilirsiniz ki, qeyri-islam dünyası, eləcə də ABŞ özbaşına qərarlar çıxarırlar. Xüsusələ də ABŞ Prezidenti Trampın Suriya torpaqlarını İsrail ərazisi kimi tanıması, bunu rəsmən qəbul etməsi onu göstərir ki, bu tamamilə haqsızlıqdır. ABŞ-ın və İsrailin BMT-nin qərarlarına əhəmiyyət vermədiyi bir şəraitdə Türkiyənin də öz torpağında yerləşən Aya Sofyanı məscidə çevirmək istəyi tam normaldır. Aya Sofya Türkiyəyə aiddir və onunla bağlı qərarı bu ölkə verməldir. Türkiyə öz əmlakı ilə bağlı qərarlar qəbul etməkdə haqlıdır, bu onun öz daxili işidir. Ancaq burada bir həssas məsələ var, bu da islam və qeyri-islam dünyasındakı problemlərlə bağldır. Ərdoğanın Aya Sofyanı məscidə çevirməklə bağlı irəli sürdüyü təşəbbüsdə qeyri-adi heç nə yoxdur. Tarixdə məscidin kilsəyə, kilsənin isə məscidə çevrilməsi hadisələri yetərincə olub. Xristian dövlətləri işğal etdikləri ərazilərdə məscidi kilsəyə çevirib, islam dövlətləri isə işğal etdikləri xristian ərazilərindəki kilsələri məscidə çeviriblər. Aya Sofyanın da məscidə çevrilməsini məqbul hesab edirəm və bu baş verərsə, bunu normal qarşılayıram” - deyə bildirən F.Ələkbərli hesab edir ki, bu hadisə baş verərsə, xristian dünyasında müəyyən narazılıqlarla qarşılanacaq. Bununla belə, o qeyd etdi ki, bu, Ərdoğanın özbaşına qərarlar qəbul edən bəzi dövlətlərin etdiklərinə cavabı kimi qəbul olunmalıdır.
İradə SARIYEVA