Məhəmməd Əsədullazadə: “Cəbhədə bu təxribatı məhz Rusiyaya bağlı “Qarabağ klanı” həyata keçirir”
Məlum olduğu kimi, ötən il Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan baş nazir oldu. Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlardan müxtəlif bəhanələrlə yayınmaq kursu götürdü. O vaxt bəziləri bunu onunla əlaqələndirirdilər ki, Paşinyan hakimiyyətdə hələ tam bərkiməyib.
Söhbət parlamentdə təmsil olunan əvvəlki hakimiyyətin güclü olmasından gedirdi. Ancaq ötən ilin dekabrında Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın tərəfdarları qalib gələrək həlledici üstünlüyə sahib oldular. Bu səbəbdən danışıqların keçiriləcəyinə ümidlər artdı. Bununla yanaşı, Paşinyanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı təşəbbüsləri fiaskoya uğradı. Beynəlxalq qurumlar bunu rədd etdilər. Onu da qeyd edək ki, Paşinyan baş nazir olandan sonra cəbhədə atəşkəsin pozulması halları əhəmiyyətli dərəcədə azalıb. Ermənistanda əvvəlki hakimiyyət dönəmində sutka ərzində atəşkəs ən azı 60 dəfə pozulurdusa, Paşinyan baş nazir olandan sonra atəşkəsin pozulması halları 20-30 dəfə arasında dəyişir.
O da məlumdur ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün sonra Vyanada görüşü gözlənir. Belə bir görüş ərəfəsində atəşkəs pozulub və hərbçimiz şəhid olub. Bu arada Ermənistan tərəfi həm də müxtəlif ideoloji təxribatlara start verib. Ölkə mətbuatı iddia edir ki, guya Azərbaycan tərəfi mühəndis-istehkam qurğularını bərkidir, cəbhə xəttini önə çəkmək istəyir və s.
Maraqlıdır, danışıqlar ərəfəsində bütün bunların baş verməsində, daha konkret desək, atəşkəsin açıq-aşkar pozulmasında Ermənistanın məqsədi nədir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanın Vyana görüşü öncəsi atəşkəsi pozması, şəhid verməyimiz əsasən işğalçı ölkədə ordunun Paşinyan iqtidarına siyasi baxımdan tabe olmamasından irəli gəlir. Hazırda Ermənistan cəmiyyətində radikal qüvvələr Qarabağla bağlı mövcud iqtidara təzyiq siyasəti həyata keçirirlər. Məhz orduda belə qüvvələr var və yetərincə təsir imkanlarına malikdirlər. Paşinyanla Azərbaycan Prezidentinin Vyana görüşü öncəsi işğalçı ölkənin təxribatı təsadüfi deyil. Hesab edirəm ki, bu, danışıqların pozulmasına hesablanan bir təxribatdır. Ermənistanda yeni hakimiyyətlə cəmiyyətdə oturuşmuş “Qarabağ klanı” arasında ciddi mübarizə gedir. Cəbhədə bu təxribatı məhz Rusiyaya bağlı “Qarabağ klanı” həyata keçirir. Azərbaycan artıq Vyana görüşündən sonra konkret addımlar atacaq. Vyana görüşündə irəliləyiş olmayacaqsa, ondan sonra rəsmi Bakı güc amilinə üstünlük verməlidir. Ermənilərin ideoloji təxribat xarakterli kampaniyası danışıqları pozmağa yönəlib. Bu ideologiya erməni toplumunda əsas ana xətdir. Məhz münaqişənin həllinə mane olmaqdan ötrü indiki situasiyada buna əl atıblar. O baxımdan yaşananlar təsadüfi deyil və məqsədyönlü şəkildə həyata keçirilir”.
Vidadi ORDAHALLI