Qabil Hüseynli: “Heç bir özünə hörmət edən ölkə həmin ərazini İsrailin torpağı kimi tanımayacaq”
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp İsrailin Colan təpələrində hakimiyyətini tanıyıb. Ağ Evin bu addımı İsraildə nə qədər populyar olsa da, dünyanın əksər ölkəsi tərəfindən qınanılır. Çünki ortada BMT-nin İsrail qoşunlarının 1967-ci ildə Suriya torpaqları sayılan Colan təpələrini işğal etməsini qınayan qətnamələri var.
Politoloqların ümumi rəyinə görə, Ağ Ev son hərəkəti ilə beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq, başqalarının torpaqlarını işğal edən bütün dövlətlər üçün əlavə presedent və örnək olacaq. Xüsusilə də başqlarının ərazisini işğal edən ermənilər Colan təpələri ilə Dağlıq Qarabağ arasında paralellər aparmağa başlayıblar. Hiss edilir ki, Trampın məlum qərarı onları bir qədər də həvəsləndirib. Onlar vaxtilə eyni paraleli Kosova ilə bağlı aparmağa çalışsalar da, heç bir nəticə əldə edə bilmədilər. Buna baxmayaraq, dünyanın nüfuzlu ölkəsi kimi ABŞ-ın atdığı addımlar sülh danışıqlarının aktiv mərhələsində erməniləri daha da pozucu mövqeyə sürükləmiş olur. Bunun üçün ABŞ Dövlət Departamentinin xüsusi bir bəyanatla çıxış edərək, Colan məsələsinin Dağlıq Qarabağa heç bir aidiyyətinin olmadığına aydınlıq gətirməsinə ehtiyac varmı?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, ABŞ Trampın simasında böyük bir yanlışlığa imza atıb: “Mən məsələyə bir qədər fərqli baxıram. Trampın bu qərarı özünə dəstək qazanmayacaq. Əksinə, lənətlənəcək. Yaxın vaxtlarda görəcəksiniz ki, ona böyük etirazlar olacaq. Ona görə də ermənilərin özləri belə paralelin aparılmasında peşman olacaqlar. Yəni demək istədiyim budur ki, özünə dəstək yox, lənət qazanacaq bu qərarla bağlı heç əlavə aydınlığa ehtiyac da duyulmur. Tramp kimdir ki, başqa bir dövlətin suveren torpaqlarını alıb öz əlaltısı olan ölkəyə pay etsin? Bu, beynəlxalq hüquq normalarının ayaqlar altına atılıb tapdanmasıdır. Həmin ərazi işğal edilmiş sayılır. Orada druzlar, ərəblər və türkmənlər yaşayırlar. Dünyanın BMT tərəfindən qəbul edilmiş xəritəsi var. Həmin xəritədə Colan təpələrinin Suriyaya aid olduğu kimdəsə şübhə doğurmur. Heç bir özünə hörmət edən ölkə həmin ərazini İsrailin torpağı kimi tanımayacaq. Tramp bundan əvvəl Qüdslə bağlı da bir qərar verdi və özünə tərəfdar qazana bilmədi. Baxmayaraq ki, Qüds İsrailin ərazisində olan mübahisəli vahiddir. Qüdsü heç BMT-yə daxil olan ölkələrin 3-4 faizi belə tanımadı. Tramp bu qərara verilən reaksiyadan sonra anlayacaq ki, dünya nizamını cunqliya qanunlarına istinadla pozmaq olmaz. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələ BMT səviyyəsində lənətlənəcək. Ona görə də ermənilərin belə zərərli məsələlərdən həvəslənməsi onların özlərinə zərər gətirəcək”.
Məhəmmədəli QƏRİBLİ