Elşən Həsənov: “Bu, eyni zamanda, Ermənistan hakimiyyəti daxilindəki qüvvələrin savaşından doğa bilər”
Erməni KİV-lərinin növbəti böhtan məlumatı Prezident İlham Əliyevlə bağlıdır. Həmin ölkədə nəşr edilən “Qraparak” adlı qəzet guya Moskvadakı mənbələrinə istinadən yazıb ki, Azərbaycanın dövlət başçısı Kremlə Ermənistanla bağlı qalın qovluq verib.
Qəzet iddiasında bildirilir ki, söhbət Ermənistan Təhlükəsizlik Şurasının katibi olmuş, hazırda isə həmin quruma rəhbərlik edən Armen Qriqoryanın keçirdiyi anti-Rusiya və anti-Putin mahiyyətli tədbirlərdən gedir. Qəzet uydurduğu məlumatı belə əsaslandırır ki, guya Azərbaycan rəhbərliyi bununla Ermənistanı Rusiyanın gözündən salmağa çalışır və sübut etmək istəyir ki, Qriqoryan kimi anti-Rusiya mövqeli şəxs yüksək post tutmaqda davam edirsə, deməli, bütün Ermənistan rəhbərliyi Rusiyanı sevmir. Əslində, bu məlumatın diletantlar tərəfindən dövriyyəyə buraxıldığı aydın şəkildə özünü büruzə verir. Çünki bəllidir ki, Rusiya kimi nəhəng bir ölkə Ermənistanda baş verən prosesləri izləməyə, ondan nəticə çıxarmağa tam qadirdir. Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Bu da elə siyasi mövcudluq, lazım olan informasiyanı asan əldə etməyin mümkünlüyü anlamına gəlir. Erməni KİV-lərinin belə yalan məlumatı dövriyyəyə buraxmaqda hansı məqsədləri ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu məlumat heç bir reallığı əks etdirə bilməz: “Bilirsiniz ki, Rusiya nəhəng ölkədir və güclü xüsusi xidmət orqanlarına malikdir. Bütün dünyadan məlumatı Rusiya kəşfiyyatı toplaya bildiyi halda, necə olur ki, ağzının içində olan Ermənistanda baş verən prosesləri görə bilməsin? Özü də söhbət sadə bir vətəndaşın da izləyib, nəticə çıxara biləcəyi mövzudan gedirsə. Ermənistanda hakimiyyətə gələn qüvvələrin anti-Rusiya ovqatında olduqlarını bütün dünya bilir. Bunu gizlətmək mümkün deyil. Bundan əlavə, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşadığı üçün, bizim rəhbərlikdə onlarla bağlı mühüm məlumatlar ola bilər. Ancaq bu o demək deyil ki, Azərbaycan həmin məlumatları kiməsə təqdim etməlidir. Bu tip materialın yayılmasını qəzetin sensasiya axtarmaq cəhdi kimi də dəyərləndirmək olar. Bu, eyni zamanda, Ermənistan hakimiyyəti daxilindəki qüvvələrin savaşından doğa bilər. Belə kompromat tipli məlumatlarla adı hallanan vəzifə sahibini gündəmə gətirirlər. Biz sözlə, ciddiyə alınası xəbər deyil. Hətta buna bənzər hadisə olsa belə, onu Rusiyanın əlaqədar qurumları Ermənistanın hansısa tanınmayan qəzetinə sızdırmaqda maraqlı olmazlar. Hər halda, bu tip informasiyaların dünyanın nüfuzlu dərgilərində işıqlandırılmasını istəyərlər”.
Məhəmmədəli QƏRİBLİ