Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport verib.
Burada ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradılıb.
Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Xatırladaq ki, Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib.
Sonra Prezident hərbçilər və onların ailə üzvləri ilə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edərək deyib: “Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür. Bu gözəl binada 394 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gözəl binada rahat yaşayasınız.
Bilirsiniz ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq Fərman imzalanmışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir…
Onu da bildirməliyəm ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilmişdir.
Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik.
Siz onu da bilirsiniz ki, builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır…
Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər…
Sonra Prezident İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini təqdim edib.