Rəsul Cahangirli: “Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafı və yeni, dayanıqlı iş yerlərinin açılması baxımından əhəmiyyətlidir”
“2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını bu il 9,2 faiz artırıb”. Bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev mətbuata açıqlamasında deyib.
Nazir müavininin sözlərinə görə, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanıb: “Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da, öz novbəsində, istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanıb”.
O da məlum olub ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınlarının və digər məmulatların ixracı hayata keçirilir. Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. İstehsal olunan ümumi məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır.
Bütün hallarda, Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsulların ixracının artmağa doğru getməsi müsbət tendensiyadır.
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu ondan xəbər verir ki, qeyri-neft sektorunun hərbiyə aid olan hissəsi də inkişaf edir: “Əvvəla bir sıra hərbi təyinatlı məhsulların ölkədə istehsal olunmasının müəyyən üstünlükləri var. Bunun başlıca üstünlüyü ondan ibarətdir ki, ölkənin müdafiə qabiliyyəti artır. Ən başlıcası isə, bu sahə xarici amillərdən asılı olmur. Yəni daxili istehsal hesabına bir sıra hərbi silahlara olan tələbat ödənilir. Hansı ki, Azərbaycanda işlər məhz bu istiqamətdə inkişaf edir. Digər tərəfdən, bunun bir sıra iqtisadi faydaları da var. O da ondan ibarətdir ki, istehsal olunan silahların bir hissəsi xaricə ixrac olunur və ölkəyə valyuta daxil olur. O baxımdan sevindirici haldır ki, hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracı 9 faizdən çox artıb. Bu həm də ölkədə qeyri-neft sektorunun inkişafı və yeni, dayanıqlı iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. O üzdən, Azərbaycanda silah sənayesi nə qədər çox inkişaf etsə, bu bir o qədər faydalıdır. Çünki son nəticədə Azərbaycanın həm hərbi-siyasi, həm də iqtisadi imkanları daha da arta bilər. Ona görə də biz bu imkanlardan maksimum səmərəli istifadə etməliyik”.
Vidadi ORDAHALLI