Əhəd Məmmədli: “Bundan da belə nəticə çıxır ki, təbrik məktubu soyuq niyyətlə yazılmış formal bir kağız parçasıdır”
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi seçilən Valeriy Semernikovdan təbrik məktubu alıb. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, xəbəri baş nazirin mətbuat xidməti yayıb.
Təbrikin məzmunu Ermənistanda keçirilən parlament seçkilərində Paşinyanın əldə etdiyi qələbə ilə bağlıdır. Paşinyana ünvanlanan məktubda diqqətçəkən mühüm bir məqam ondan ibarətdir ki, yeni baş katib Ermənistanı müttəfiq yox, tərəfdaş kimi qeyd edir. Sitat: “Əminəm ki, Ermənistan KTMT-nin güclənməsi istiqamətində səylərini davam etdirəcək və qurumun digər üzvləri ilə real tərəfdaşlıq münasibətlərini qoruyub saxlayacaq”.
Çox maraqlıdır ki, Paşinyan bir neçə dəfə KTMT-dəki digər üzvləri öz müttəfiqi adlandırıb. Hətta bir müddət əvvəl o, “müttəfiq” münasibətlərindən şikayətlənərək, KTMT-dəki “müttəfiqlərin” necə davranış nümayiş etdirməli olduqları ilə bağlı öz məsləhətini də əsirgəməmişdi. KTMT-nin yeni baş katibinin Ermənistanı müttəfiq gözündə görməməsini hansı amillərlə izah etmək olar?
Ekspert Əhəd Məmmədli qəzetimizə bildirdi ki, həmin təbrikin özü, ümumiyyətlə, Paşinyanı aşağılamaq üçündür: ”Məzmunundan əvvəl təbrikin kim tərəfindən və nə zaman ünvanlandığına diqqət yetirmək lazımdır. Ermənistanda hakimiyyətin taleyini dəyişən seçkilər baş tutdu. Saxtakarlıqla olsa da, Paşinyan qalib gəldi. Diplomatik etiket normalarına görə, belə halda Paşinyan çoxlu sayda təbrik qəbul etməli idi. Əsasən də Paşinyanın özünə müttəfiq saydığı KTMT üzvlərindən. Amma biz görürük ki, KTMT üzvü olan ölkələrin heç biri Paşinyanı təbrik etmir. Hətta Ermənistan bununla bağlı rəsmi şəxslərin dilindən narazılıq ifadə edən açıqlama da yaydı. Ancaq diqqət etsək görərik ki, Paşinyan inqilabı edəndən sonra ona təbriklər çox gəlmişdi. Hətta o, belə bir təbriki Putindən də almışdı. Qısa müddət ərzində Paşinyan Ermənistanın müttəfiq saydığı ölkələrlə münasibətləri gərginləşdirmiş oldu və bunun da cavabını alır. Münasibətlərin gərginləşməsi məhz KTMT mövzusundan başladı. Paşinyan oranın baş katibi postunda təmsil olunan generalı həbs etdi. Bunu da heç kimlə məsləhətləşmədən həyata keçirdi. Təbii ki, onun atdığı addım KTMT-də təmsil olunan ölkələrin xoşuna gəlmədi. Həmin hadisədən sonra Paşinyana münasibət tamam dəyişdi. Bunun ilk simptomlarını biz KTMT-nin Astana zirvəsində gördük. Həmin hadisədən sonra Paşinyan Lukaşenko və Nazarbayevə mətbuat vasitəsilə atmacalar atdı və cavabını da sərt aldı. Ən sonda isə baş katiblik də Ermənistanın əlindən alınaraq, Belarusa verildi”.
Ekspertin sözlərinə görə, KTMT-nin baş katibi tərəfindən Paşinyana təbrikin nə vaxt və hansı məzmunda göndərilməsi, təbii ki, üzv ölkələrlə razılaşdırılıb: “Bu, bir növ, Paşinyanın uşaq kimi “könlünü almağa” bənzəyir. Amma həmin təbrik məktubunda da Ermənistana müttəfiq yox, tərəfdaş deyilir. Bundan da belə nəticə çıxır ki, təbrik məktubu soyuq niyyətlə yazılmış formal bir kağız parçasıdır. Hərbi bir blokda təmsil olunan ölkəni baş katib özlərinə müttəfiq saymırsa, demək, Ermənistan bütün etibarı itirib”.
Məhəmmədəli QƏRİBLİ