Məhəmməd Əsədullazadə: “Regionda çox ciddi proseslər gedir”
Məlum olduğu kimi, Türkiyə Suriyada növbəti hərbi əməliyyat keçirəcəyini bəyan edib. Bu informasiya ölkə başçısı səviyyəsində yayıldığından, həqiqət olduğuna şübhə yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 12-də verdiyi bəyanat dünya mediası və ekspert dairələrində bomba kimi partladı. Ankara yaxın günlərdə Fərat çayının şərq sahilində genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan etdi. R.T.Ərdoğan bu əməliyyatın türk ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" (Əl-Bab) və "Zeytun budağı" (Afrin) antiterror əməliyyatlarının davamı olduğunu ifadə edib. Yəni burada başlıca məqsəd Fəratın şərqində kök salmış terror qruplarıdır. Orada yerləşən ABŞ hərbi kontingenti ilə heç bir problem yoxdur.
Beləliklə, yaxın günlərdə hərbi əməliyyatın başlaması ehtimalı yüksəkdir. Ankara planın başlıca məqamlarını da açıqlayıb. Əsas məqsəd PKK-nın düşərgəsi hesab olunan Qəndil bölgəsi ilə Suriyanın əlaqəsini kəsməkdir. Hazırda Qəndil-Sincar-Münbic xəttində "terror dəhlizi" yaradıblar. Bu dəhlizlə silah, ərzaq, informasiya əlaqələri saxlanır. Yeni hərbi əməliyyatla bu xətt dağıdılır və təhlükəli planlara son qoyulur. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalını terrorçulara bağlayır, sonra Sincar xəttini kəsir və nəhayət, son hədəf olaraq Qəndili terrorçulardan təmizləyir. Bununla Türkiyənin şərq və cənub sərhədləri tamamilə terror təhlükəsindən xilas olur.
Əvvəlki əməliyyatlarda bir sıra strateji əhəmiyyətli ərazilər terrorçulardan təmizlənsə də, strateji əhəmiyyəytli Münbic şəhərinin hələ də PYD və YPG-nin əlində olması Türkiyəni narahat edir. Ona görə də Türkiyə müvafiq addımlar atmaqda qərarlıdır.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə şərh edirlər? Ümumilikdə, Münbic şəhərinin əhəmiyyəti nədədir? Bölgədə nə baş verir?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyənin Suriya siyasətində əsas prioriteti öz suverenliyinin və təhlükəsizliyinin təminatıdır: “Bu istiqamətdə rəsmi Ankaranın Suriya üzrə strategiyasında əsas məqam terrora qarşı mübarizə, regionda sülhün əldə edilməsidir. Qeyd edim ki, Suriyanın şimalında PKK terror təşkilatının qolu olan YPG terror təşkilatının güclənməsi rəsmi Ankaranı narahat edir. Xüsusilə də ABŞ-ın həmin qüvvələrə müəyyən dəstək verməsi Türkiyənin təhlükəsizlik qayğılarını artırır. Təəssüf ki, ABŞ-ın Türkiyə ilə müttəfiq əlaqələrinə rəğmən, Ankaranın etirazlarına baxmayaraq, YPG terror təşkilatına verdiyi dəstək bu gün regionun ümumi təhlükəsizliyinə ziddir. Hesab edirəm ki, Münbic istiqamətində Türkiyənin hərbi əməliyyatlara başlaması terror təşkilatına qarşı vurulan ən böyük zərbə olacaq. Çünki YPG-nin əsas hədəfi bu regionda muxtariyyət əldə etmək və gələcəkdə Türkiyəni hədəf alacaq proseslərə başlamaqdır. Qeyd edim ki, ABŞ Fəratın şərqində xüsusi olaraq YPG terror təşkilatının güclənməsi üçün lojistik dəstək verir. Ona görə də Türkiyə mütləq şəkildə bu əməliyyatı həyata keçirərək sözügedən terror təşkilatının güclənməsinin qarşısını qətiyyətlə alacaq. ABŞ-la Türkiyə arasında bu istiqamətdə danışıqlar gedir. Türkiyənin əsas niyyəti ABŞ-ın bu terror təşkilatına verdiyi dəstəyi çəkərək, regionda Türkiyə ilə birgə əməliyyat aparmasına nail olmaqdır. Regionda çox ciddi proseslər gedir. Türkiyə qəti şəkildə YPG-nin Suriyada güclənməsinin qarşısını almaqda qərarlıdır”.
Vidadi ORDAHALLI