Yeganə Hacıyeva: “Bu onu göstərir ki, Ermənistana və onun başçısına ciddi dövlət və dövlət adamı kimi münasibət bəslənmir”
Prezident Aleksandr Lukaşenko Belarusla Rusiyanın birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə danışıb. Belarus KİV-ləri xəbər verirlər ki, dövlət başçısı bu məsələnin hələ İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sarkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb.
Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sarkisyanla söhbətin məzmununu açıqlayıb: “Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”.
Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib: “Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, həmin rayonlar azad edilsə, orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”.
Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşdə Prezident Aleksandr Lukaşenkonun sensasion çıxışından başqa bir məqamı da dərc ediblər. Həmin çıxışında belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb. “Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?”
Belarus Prezidentinin bu açıqlamalarını necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Lukaşenkonun açıqladığı bu detallar olduqca vacib məqamları əhatə edir: “Aydındır ki, onun Sarkisyana təklif etdiyi variant mütləq kimi qəbul oluna bilməzdi. Çünki münaqişənin həlli ilə bağlı Azərbaycanın öz qəti mövqeyi var. Bunu biz dəfələrlə bəyan etmişik. Bu da Dağlıq Qarabağın ətrafında işğala məruz qalan bütün rayonlarınq geri qaytarılmasını nəzərdə tutur. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilə bilər. Bu, Azərbaycanın dəfələrlə bəyan etdiyi rəsmi mövqeyidir. Belarus Prezidentinin açıqladığı qeyri-rəsmi söhbətin detallarında Ermənistanın əsl xisləti ortaya çıxmış olur. Məlum olur ki, onlar heç 5 rayonu belə işğaldan azad etməyə razı deyillər. Biz dəfələrlə, bütün səviyyələrdə bəyan edirik ki, Ermənistan danışıqlar prosesində qeyri-konstruktivdir. Lukaşenkonun səmimi açıqlamaları bunu bir daha sübut etdi. Bizim daxili auditoriyada bunu yanlış istiqamətə yozanlar da var. Sanki Dağlıq Qarabağın taleyini Lukaşenko 5 rayonu geri qaytarmaqla həll etmək istəyirmiş. Belə deyil. Lukaşenkonun Sarkisyanla bu istiqamətdə olan təması qeyri-rəsmi xarakter daşıyıb. Onun əlində Azərbaycanın əvəzindən bu danışıqları aparmaq kimi mandatı olmayıb. Amma bununla o, Ermənistanın, əslində, nəyə qadir olduğunu tam ifşa edib. Lukaşenkonun Paşinyanla olan danışıqlarının detallarına gəldikdə isə, burda da maraqlı məqamlar var. Göründüyü kimi, Lukaşenko Paşinyanla çox aşağılayıcı ifadələrlə danışıb. Hətta onun ünvanına təhqir sayıla biləcək ifadələr də işlədib. Mən silah mövzusunda aparılan söhbəti nəzərdə tuturam. Bu onu göstərir ki, Ermənistana və onun başçısına ciddi dövlət və dövlət adamı kimi münasibət bəslənmir. Əslində, Lukaşenko bu açıqlamaları ilə bir çox mətləblərin üstünü açmış oldu. Bunun özü də bir dövlət adamı üçün böyük cəsarət tələb edir. O bunu etməklə Azərbaycana rəğbəti olan bir dövlət başçısı təəssüratını möhkəmləndirmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ