Daşdəmir Əliyev: “Onsuz da Sərhəd Qoşunlarımız sözügedən istiqamətdə dövlət sərhədinin mühafizəsini öz üzərinə götürməli idi”
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində xidmət rəisi, general-polkovnik Elçin Quliyev maraqlı açıqlama verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi potensialını nəzərə alaraq, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması barədə tapşırıq verib.
E.Quliyev bildirib ki, sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.
DSX rəisi Ali Baş Komandanın bu qərarının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini vurğulayıb.
Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması necə dəyərləndirilə bilər?
Hərbi məsələlər üzrə ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Azərbaycanın bütün sərhədlərinə nəzarəti Sərhəd Qoşunlarının həyata keçirməsi kimi tapşırıq cənab Prezident tərəfindən verilib: “Bu belə də olmalıdır. Çünki Sərhəd Qoşunlarının təyinatı məhz ölkəmizin başqa dövlətlərlə sərhədini mühafizə etməkdən ibarətdir. Ermənistan istisna olmaqla, digər həmsərhəd ölkələrlə aramızda olan sərhədləri məhz sözügedən qoşun kontingenti mühafizə edir. Azərbaycanın ordu quruculuğu istiqamətində işlər möhkəmləndikcə, hər qoşun növünün öz təyinatı üzrə xidmətinin təşkili həyata keçirilir. Qazax və Ağstafa istiqamətində Sərhəd Qoşunlarının Ermənistanla sərhəddə əvəz edəcəyi digər hərbi hissələr çox güman ki, ləğv edilməyəcək. Əksinə, gücləndirilərək qeyd olunan istiqamətin ehtiyatı kimi saxlanır. Ehtiyac yarandıqda həmin hərbi hissələr sərhədçilərlə birlikdə qarşıya qoyulan tapşırıqların icrasında iştirak edəcəklər. İkinci, mühüm məqam ondan ibarətdir ki, gec-tez Sərhəd Qoşunlarımız sözügedən istiqamətdə dövlət sərhədinin mühafizəsini öz üzərinə götürməli idi. Bu prosesin tədricən həyata keçirilməsi qoşunların şəxsi heyətinin təcrübə qazanmasına yardımçı olacaq".
Ekspertin sözlərinə görə, düşmənlə döyüş aparmaq kimi tapşırıqların yerinə yetirilməsi Sərhəd Qoşunlarının ənənəsində mövcud olub və onlar bu sınaqdan çox yaxşı çıxıblar: “Sərhəd Qoşunlarımızın bölmələri 1992-1994-cü illərdə Zəngilan, Füzuli, Cəbrayıl, o cümlədən Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib, bu döyüşlərdə çoxlu şəhid veriblər. Hesab edirəm ki, düşmənlə üzbəüz postlarda sərhədçilərin dayanması ilə bağlı heç bir problem olmayacaq. Nəzərə alsaq ki, Sərhəd Qoşunlarında 2005-ci ildən müqaviləli heyətə keçid prosesi başlayıb, bu da həmin qoşun növünün döyüş hazırlığının daha da yüksəlməsinə gətirib çıxarıb”.
Məhəmmədəli QƏRİBLİ