Mübariz Əhmədoğlu: “Tərəflər arasında əlaqələrin genişlənməsi Avropanın Mərkəzi Asiyaya çıxışı deməkdir”
Azərbaycan Avropaya inteqrasiya sahəsində qısa müddətdə onilliklərə bərabər işlər görüb. Məsələ ondadır ki, artıq ölkəmizi “qoca” qitənin bütün dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tanıyır və mövqeyimizə hörmətlə yanaşırlar. Belə qurumlardan biri olan Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə təsbit edilib.
Həmin sənəd 1996-cı il aprel ayının 22-də Lüksemburq şəhərində imzalanıb və onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra, 1999-cu il iyunun 1-də qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi münasibətləri möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan verib. Sözügedən saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Sazişin əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Müşahidələr göstərir ki, gələn ilin may ayına qədər Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Artıq tərəflər arasında bir sıra məsələlərlə bağlı razılaşma var. Bu günlərdə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kyastutis Yankauskas jurnalistlərlə görüşündə bildirib ki, 2019-cu ilin ortalarında Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik yubileyi qeyd olunacaq və Aİ bu tarixə qədər Azərbaycanla yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyir.
Bununla yanaşı, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər.
Bütün bu deyilənlərin fonunda, Azərbaycanla Aİ arasında belə real açılışın olması gələcəkdə nə kimi perspektivlər vəd edir?
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, sazişin imzalanması bir sıra perspektivlər vəd edir: “Əvvəla Azərbaycanın ən böyük uğurlarından biri Avropa istiqamətindədir. Məsələ ondadır ki, 2017-ci ilin noyabrında Aİ-nin Brüssel sammitində cənab Prezident İlham Əliyevin çıxışı və sonradan yekun sənədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı salınan tezis ölkə başçısının qazandığı ən yüksək uğurlar sırasındadır. Çünki Avropaya nəyisə inandırmaq çox çətindir. O baxımdan hesab edirəm ki, bu çox böyük qələbədir. Faktiki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə göstərilən münasibət ciddi şəkildə müsbətə doğru dəyişib. Yəni Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünə Aİ necə münasibət göstərirsə, Azərbaycanın da ərazi bütövlüyünə analoji yanaşma sərgiləyir. O vaxta qədər Aİ təsisatlarının yanaşması bir az fərqli idi. Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü şəksiz dəstəkləyirdilər. Azərbaycana gəldikdə isə, bütün məsuliyyəti ATƏT-in Minsk Qrupunun üstünə atmışdılar. Prezident İlham Əliyev apardığı uğurlu siyasətlə o bərabərliyi yaratdı və bu sahədə vəziyyət bizim xeyrimizə dəyişdi. Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, imazalanacaq yeni saziş hər iki tərəf üçün faydalıdır. Ancaq biz hələ bu istiqamətdə çox iş görməliyik. Çünki Brüssel sammitindən sonra müəyyən qüvvələr ermənipərəstliklə məşğuldurlar. Əlaqələrin qarşılıqlı faydalı olmasına gəldikdə isə, sazişdən sonra əlaqələr daha da inkişaf edəcək. Türkmənistan öz qazını Çin bazarına çıxarsa da, çox ciddi maliyyə problemləri ilə üzləşib. Ona görə də bu ölkə istəyir ki, qazını Azərbaycan vasitəsilə Avropa bazarına çıxarsın. Çünki Aİ enerji resursları üçün, xüsusən də qaz üçün çox sabit və etibarlı bazardır. Həmçinin, orada qazın alış qiyməti yüksəkdir. Ona görə də Azərbaycanın öz enerji resurslarını Avropa bazarına çıxarması bizim üçün çox böyük uğurdur. Aİ ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi Mərkəzi Asiyaya çıxış deməkdir. Hesab edirəm ki, bu yöndə də müxtəlif perspektivlər var”.
Vidadi ORDAHALLI