Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Suriyada Fərat çayının şərqindəki PKK/YPG terror qruplaşmasına qarşı hərbi əməliyyatın bir neçə gün ərzində başlayacağını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, Türkiyə əməliyyata başlayacağı halda, bu Ankaranın Suriyada keçirdiyi üçüncü hərbi əməliyyat olacaq.
Türk ordusunun Suriyanın içinə doğru 30-40 kilometrə qədər irəliləyəcəyi və burada bufer zona quracağı gözlənilir. Ekspertlərin fikrincə Türkiyənin əsas hədəfi isə Münbicin kürd silahlılardan təmizlənməsi olacaq.
Türkiyənin ordusunun hədəfi olacaq, PKK-nın Suriyadakı qolu hesab edilən YPG silahlı qruplaşması, Suriyada İŞİD-lə mübarizədə ABŞ ən yaxın müttəfiqlərindən biridir. Digər tərəfdən, ABŞ Ankaranın etirazlarına baxmayaraq, kürd silahlıları uzun müddətdir silahlandırır. Ankaranın açıqlamalarına görə, Vaşinqton indiyə kimi kürd silahlılara minlərlə silah yüklü TIR-lar göndərib. ABŞ Müdafiə Nazirliyi isə bir müddət əvvəl Fəratın şərqindəki ərazini daimi nəzarət altında saxlamaq üçün 35-40 min nəfərlik ordu quracağını bəyan edib. ABŞ Baş Qərargah rəisi Cozef Dunford da Fəratın şərqində sabitliyi təmin etmək üçün 35-40 min nəfərlik hərbi qüvvənin formalaşdırılmasının başa çatdırılmasının vacibliyini deyərək, həm də ABŞ-ın regionda hələ bir müddət də qalacağı mesajını vermişdi. Türkiyə isə, ABŞ-ın, YPG/PKK-nın nizamlı orduya çevirilməsi mənasına gələn bu planına qarşı çıxır.
Bütün bunlar iki müttəfiq ölkə arasında bir müddətdir ciddi problemə çevrilib. Türkiyə Silahlı Qüvvələrinın dekabrın 13-də İraqın Karacak Dağı bölgəsində keçirdiyi əməliyyat isə ABŞ-a mesaj kimi dəyərləndirilir. Belə ki, Türkiyə Fəratın şərqində hərəkat öncəsi Karacak Dağı bölgəsinə PKK terror təşkilatına, həmçinin təşkilatın silah-sursatla təchizatına ağır zərbə vurub. Məlumata görə, ABŞ Ərbil yaxınlığındakı Həriri bazasına endirdiyi silahları bu marşrut üzərindən Suriya və PKK-ya çatdırırdı.
Əməliyyatda 20-dən çox döyüş təyyarəsi və pilotsuz uçuş aparatı iştirak edib. Əməliyyatda terrorçulara aid 30-dan çox obyekt məhv edilib. Məlumata görə, Türkiyə sərhədindən 180 km aralıda olan Karacak Dağ bölgəsi ilk dəfə vurulub. Vurulacaq nöqtələr kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə müəyyən edilib və dinc sakinlərin zərər görməməsi üçün yüksək həssaslıq nümayiş etdirilib.
Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar əməliyyatla əlaqədar maraqlı bir məqama diqqət çəkib. O, Türkiyə ordusunun cümhuriyyət tarixində ilk dəfə bu qədər dərinliklərə endiyini deyib. Mütəxəssis dağın Mosul və Kərkük arasında olduğunu qeyd edib.
Ərdoğan bəyanatından sonra isə, ABŞ rəsmiləri Türkiyənin planlaşdırdığı hərbi əməliyyatların qəbuledilməz olduğunu və Suriyada İŞİD-ə qarşı savaşan əsgərlərin həyatı üçün təhlükə yaranacağını deyir. Baxmayaraq ki, Ankara bölgədəki ABŞ əsgərlərinin hədəf olmayacağını deyir. Əməliyyatların qarşısını almaq üçün səylərini artıran Vaşinqton bu istiqamətdə Ankara ilə təmaslarını davam etdirir, digər tərəfdən də Türkiyənin əməliyyatlarında yer alacağı gözlənilən Azad Suriya Ordusuna təzyiqlərə başlayıb. Qeyd edək ki, Suriyanın hərbi və siyasi müxalifəti Türkiyənin əməliyyatlarına 15 minlik ordu ilə dəstək verməyi planlaşdırır. Məlumatlara görə, əməliyyatların qarşısını almağa çalışan ABŞ kəşfiyyatı Suriya müxalifətini əməliyyata qatılmamaqla bağlı təhdid edir. Amerikalıların Azad Suriya Ordusuna göndərdikləri təhdid məktubunda onlardan Türkiyənin reallaşdıracağı hərbi hərəkata qatılmamaları tələb olunur. Əks təqdirdə, əməliyyatda iştirak edəcək tərəflərin ABŞ ordusu ilə üz-üzə gələcəyi deyilir. “Azad Suriya Ordusunun əməliyyatlarda iştirakı ABŞ və koalisiya qüvvələrinə hücum demək olacaq və istər ABŞ, istərsə də koalisiya qüvvələrilə birbaşa qarşıdurmaya yol açacaq” deyilən mesajda qeyd edilir ki, ABŞ və koalisiya qüvvələri ilə qarşıdurma olmadan sözügedən silahlı qrupa hücum etmək mümkün deyil. Təhdid mesajının sonunda isə "Fillər hirslənərkən, oradan uzaq durmalısınız" ifadələrinə yer verilir.
Bu arada, son məlumatlara görə, ABŞ Raqqanın şimalındakı Tel Abyad bölgəsində iki yeni hərbi bazası qurub. Bununla da ABŞ-ın YPG/PKK-nın nəzarətində olan ərazilərdə qurduğu hərbi bazaların sayı 21-ə çatıb.
TAHİR