Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Baki-xeber.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Xidmətin qarşısında duran əsas vəzifə və tapşırıqları diqqətə çatdırıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatlarının keçirilməsi, DSX-nin tərkibində dörd silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulayıb.
E.Quliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması tapşırığını verib. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.
General-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini deyib.
Qeyd edilib ki, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət yüksək tələblər səviyyəsində təşkil olunub. Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurları sadələşdirilib, sərhəd nəzarəti sahəsində xidmətə 300-dən çox yeni əməkdaş cəlb edilib. Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, Frontex Agentliyi kimi beynəlxalq təşkilatlar və Rusiya, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakistanın sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilib, xarici şirkətlərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilib.
Vurğulanıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib. Həmçinin xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb. Bundan başqa, 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Diqqətə çatdırılıb ki, il ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı üç halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub. Hadisə yerində iki halda avtomat silah, bir halda iki ədəd gecəgörmə cihazı aşkarlanıb. O cümlədən iyunun 21-də DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində noyabrın 29-da dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupova atəş açmış sərhəd pozucusu ayağından güllə yarası alaraq saxlanılıb.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daim şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.