Elşən Əliyev: “Təkcə bu ilin ilk 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24%-ə yaxın artıb”
Prezident İlham Əliyev dekabrın 13-də Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Ölkə başçısı bildirib ki, səfər iki ölkə arasında görülən birgə işlərin təhlili və gələcək planların müzakirəsi baxımından unikal vaxta, yeni il ərəfəsinə təsadüf edir:
“Bizim birgə işimizin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır. Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək. Biz beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstəririk. Lap bu yaxınlarda - bir həftə əvvəl MDB-nin Sankt-Peterburqda qeyri-formal sammiti keçirildi. Bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi. Bu il aktiv fəaliyyətə başlayan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşdırılıb. Bu yaxınlarda görüşəcəklər. Həmçinin, Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni tərkibi formalaşdırılıb. Yəni biz ticari-iqtisadi əlaqələrə, investisiya proqramlarına dinamika vermişik. Düşünürəm ki, nəticələr çox yaxşı olacaq”.
Göründüyü kimi, Prezident 2018-ci ili iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox məhsuldar sayıb. Yola saldığımız ili Rusiya-Azərbaycan münasibətlərinin inkişafı kontekstindən necə dəyərləndirə bilərik?
Ekspert Elşən Əliyevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında əlaqələr bu il ərzində də strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edib: “Bu il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir. Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Bu il dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımından yeni perspektivlər və imkanlar vəd edir. Həmçinin, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir. Eyni zamanda, bu il ərzində iqtisadi, mədəni, hərbi əməkdaşlıq sahəsində də ölkələrarası münasibətlərin göstəricisi uğurlu olub. Bir faktı qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyllidir. 2018-ci ildə iki ölkə rəsmiləri arasında keçirilən görüşlərdə məlum olub ki, iqtisadi sahədə də ciddi irəliləyiş var. Hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ildə davam edib. Təkcə bu ilin ilk 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24%-ə yaxın artıb. Rusiyanın Sankt-Peterburq və Həştərxan şəhərlərinə ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri öz məhsullarını Rusiyada keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi altında nümayış etdiriblər. Həştərxanda “Azərbaycan İş Mərkəzi”nin açılması iş adamları arasına əlaqələrin genişlənməsində mühüm addım sayıla bilər. Bir sözlə, əsası möhkəm təməllər üzərində qurulan əlaqələrin inkişafını 2018-ci il üçün uğurlu və qənaətbəxş saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ