Elşən Mustafayev: “Bu, iki ölkə arasındakı münasibətlərin katostrofik həddə olduğuna ən dəqiq sübutdur”
Rusiya rəsmi səviyyədə ilk dəfə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Ancaq maraqlıdır ki, Moskva bu dəfə də Ermənistan hakimiyyətini intizarda saxlayaraq onu qələbə münasibətilə təbrik etməyib.
Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ də təbrik etməməsinin səbəblərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova unikal formada aydınlıq gətirib. Zaxarova erməni mediasının bu yöndə sualına cavab olaraq deyib: “Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etməyini bilə-bilə kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”. Erməni jurnalistin “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına Zaxarova deyib: “Mən artıq bu suala cavab verdim”.
Qeyd edək ki, N.Paşinyanı V.Putinlə bərabər KTMT müttəfiqlərinin heç biri təbrik etməyib.
Maraqlıdır ki, N.Paşinyanın artıq Qərbdən təbriklər aldığı haqda məlumat yayılıb. Dəqiq siyahının maraqlı olacağını nəzərə alıb, indiyə qədər Paşinyanı təbrik edənləri təqdim edirik: Almaniya Kansleri, AB-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayn Kosyaniç, AB-nin genişlənmə üzrə komissarı Yohannes Xan, AB ali nümayəndəsi Federika Mogerini, ABŞ Dövlət Departamenti, Gürcüstan Prezidenti və Livan Baş naziri.
Ən maraqlısı isə budur ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Moskva Ermənistanın yeni parlamenti ilə konstruktiv dialoqa hazırdır. M.Zaxarova bildirib ki, ölkəsi yeni parlamentlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində dialoqa hazırdır. O, həmçinin, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində əməkdaşlığın davam etdiriləcəyini də anons edib.
Maraqlıdır ki, Rusiya Ermənistandakı seçkilərdən sonrakı 5 gün ərzində İrəvana təbrik yollamayıb. Bu bəyanatda da “konstruktiv dialoq”dan bəhs olunur.
Belə aydın olur ki, Moskva Ermənistanın mövqeyini konstruktiv saymır və onların arasındakı münasibətlər o dərəcədə gərgindir ki, iki ölkə arasındakı gələcək əməkdaşlığın məhz konstruktiv dialoq məcrasında davamı lazım bilinir. Belə olmasaydı, 70,45 faiz səslə qalib olduğunu bəyan edən “Mənim addımım” blokunun lideri N.Paşinyana quru təbrik göndərərdi. Rusiyanın Ermənistanla yeni münasibətlərini konstruktiv dialoq çərçivəsində davam etdirməsini necə qiymətləndirmək olar?
Politoloq Elşən Mustafayevin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda keçirilmiş parlament seçkilərində qalib gələn “Mənim addımım” blokunun rəhbəri Nikol Paşinyanı təbrik etməməsi Paşinyanın fəaliyyətindən razı qalmadığının aşkar göstəricisidir: “Bilirsiniz ki, siyasətdə etiket və protokol qaydaları mövcuddur. Rusiya və digər KTMT ölkələrinin rəhbərlərinin hamısı bunu bilir. Söhbət ələlxüsus da onlarla müttəfiq olan bir ölkədəki mühüm hadisədən gedirsə, buna reaksiya bir qədər impulsiv olmalıdır. Müqayisə üçün Rusiyanın Paşinyandan əvvəlki Ermənistanı idarə etmiş şəxslərə münasibətinə diqqət etmək lazımdır. Görərik ki, onların zamanında Rusiyanın belə mühüm hadisələrə reaksiyası, təbriki özünü çox da gözlətməyib. Demək ki, bu cür jesti ilə Rusiya Ermənistana ciddi mesaj vermiş olur. Diqqətçəkən digər mühüm məqam bundan ibarətdir ki, Paşinyanın təbrikini yalnız Rusiya gecikdirmir. Rusiyanın ətrafında olan digər ölkələr də Paşinyanı təbrik etməyiblər. Görünən budur ki, Paşinyan küncə sıxılıb. Bir tərəfdən iqtisadi blokada, digər tərəfdən müharibə şəraiti və ən nəhayət, müttəfiqlər tərəfindən küncə atılma. Bilirsiniz ki, adi təbriki hətta münasibətləri ideal səviyyədə olmayan ölkələr bir-birinə ünvanlayır. Bir daha xatırladıram ki, bunu adi diplomatik nəzakət qaydaları tələb edir. Qeyd edim ki, Paşinyan baş nazir seçiləndə Putin və Medvedyevin təbriki gecikməmişdi. Məlumdur ki, məhz həmin dövrdən indiyə kimi Paşinyanın atdığı addımlar Rusiyanın və digər müttəfiqlərinin xoşuna gəlməyib. Rusiya ilə Ermənistan arasında gələcək münasibətlərə ən dəqiq şərhi Mariya Zaxarova verib. O deyib ki, Ermənistanla konstruktiv dialoqa hazırdırlar. Bu, iki ölkə arasındakı münasibətlərin katostrofik həddə olduğuna ən dəqiq sübutdur”.
Məhəmmədəli QƏRİBLİ