Məhəmməd Əsədullazadə: “Bu o deməkdir ki, Rusiya əvvəlki mövqelərindən geri çəkilib, daha ardıcıl olaraq münaqişənin nizamlanmasına töhfə verəcək”
“Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir. Bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə də ümid bəsləyirik”.
Məlum olduğu kimi, bu fikirləri Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib. Ölkə başçısının sözlərinə görə, sözügedən məsələdə Rusiyanın səylərinə ümid edirik: “Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin, “Şimal-Cənub” dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.
Rusiyanın dünyada və regionda böyük dövlət olduğu danılmaz reallıqdır. Azərbaycan qonşuluq münasibətlərinə sadiq qalaraq hər zaman iki ölkə arasında iqtisadi-siyasi, mədəni və digər əlaqələrin inkişafında maraqlı olub. Bu gün Rusiya ilə həyata keçirilən birgə böyük layihələr, iki ölkə arasında ilbəil artan ticarət əlaqələri buna əyani sübutdur. Bütün bunlarla yanaşı, Azərbaycanın Rusiyadan ən böyük istəyi, gözləntisi odur ki, işğalçı Ermənistana təsir etsin və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə öz töhfəsini bildirsin.
Bu baxımdan Prezident İlham Əliyev “2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək” deməklə bununla Lavrova nə demək istədi?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycan Prezidenti İlham Əliyev daim Ermənistana Qarabağ münaqişəsinin həlli ilə bağlı mesajlar verib. Prezidentin bu mesajı bir daha Ermənistanın yeni rəhbərliyinə nəticə çıxarmaq üçün bir bəyanat idi. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi gələn ilə Azərbaycanın bu təşəbbüslərinə cavab verməsə, sülh danışıqlarına gəlməsə, mümkün hərbi variant gündəmə gələ bilər. Seçkilər ərəfəsində Paşinyanın xahişi ilə Azərbaycan tərəfi müəyyən şans verdi ki, yeni hakimiyyət ölkədə normal seçki keçirsin və “Qarabağ klanı”nı siyasi səhnədən uzaqlaşdırsın. Artıq bu proses sonlanmaq üzrədir. Növbəti ildən rəsmi Bakı Ermənistan rəhbərliyindən yeni mövqe gözləyir. Təbii ki, bu prosesləri Rusiya diqqətlə izləyir və Qarabağ danışıqlarının formatında dəyişikliklərdən narahatdır. Ölkə Prezidenti Lavrovun diqqətinə çatdırdı ki, Azərbaycan Rusiyanın Qarabağ münaqişəsinin həllinə impuls verəcəyinə ümid edir. Bu o deməkdir ki, Rusiya əvvəlki mövqelərindən geri çəkilib, daha ardıcıl olaraq münaqişənin nizamlanmasına töhfə verəcək. Rusiyanın vasitəçiliyi bu illər ərzində yalnız status-kvonu saxlamaq olub. Ona görə də artq regionda yeni geosiyasi şərtlər meydana çıxır. Rusiya da bu münaqişədən dolayı Ermənistanda öz mövqeyini zəiflədir. Ona görə də Rusiya ilk növbədə Qafqazda mövqelərini qorumaq üçün gələn ildən münaqişənin həllinə real və ədalətli dəstək verməlidir”.
Vidadi ORDAHALLI