Nəzakət Məmmədova: “Ermənistanın bütün müttəfiqləri, əslində, de-fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar”
Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı ölkə Prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağ probleminin həlli üçün uyğun şərait yaranıb: “...Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır.
İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan Bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir.
Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.
Göründüyü kimi, Prezident Azərbaycanın qlobal problemi olan Dağlıq Qarabağ məsələsinin həlli üçün çox əlverişli şəraitin yarandığını deyir. Prezident bu şəraiti hansı faktorlarda görə bilir?
Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyətin yaranmasını bir çox amillərlə izah etmək olar: “İlk növbədə, bizim artan potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Ermənistan qarşısında biz təbii ki, haqlıyıq. Lakin dünya tarixində də, müasir dünyada da haqq-ədaləti bərqərar etmək üçün iqtisadi güc, hərbi qüdrət əsas rol oynayır. Morgentaunun maraqlı bir fikri var, o deyir ki, bir diplomatiyanın arxasında hərbi güc dayanmırsa, bütün danışıqlar, masa arxasında gedən proseslər mənasızdır. Bu baxımdan Azərbaycanın öz ordusunu gücləndirməsi, iqtisadi potensialını yüksəltməsi, siyasi nüfuzunu artırması olduqca mühüm amillərdir. Digər tərəfdən, Ermənistan sonsuz bir qarışıqlıq, siyasi mübarizə, parçalanma, qarşıdurma dövrünə qədəm qoyub. Paşinyanla Qarabağ separatçıları arasında ziddiyyətlər dərinləşib. Erməni diasporu da iki yerə bölünüb: Rusiyadakı ermənilər bu dövlətin Ermənistanda möhkəmlənməsi üçün iş aparır, Avropada olan erməni icması isə Paşinyana dəstək olmaqla, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə yönləndirmək istəyirlər”.
Politoloqun sözlərinə görə, belə bir məqamda, üstəlik, Paşinyanın atdığı bir sıra addımlar Rusiyanı ondan narazı salıb və Ermənistanı bu dövlətin, eləcə də onun rəhbərlik etdiyi KTMT-nin dəstəyindən tam məhrum edib: “Ermənilər daim Azərbaycanla müharibənin başlayacağı təqdirdə KTMT-nin onları müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki Ermənistanı müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar.
Ermənistan dərin təbəddülatlar erasına qədəm qoyub. Köhnə müttəfiqlərlə körpülər yandırılıb, etimad zəifləyib, yenilərin isə etibarını qazanmaq üçün xeyli zaman lazımdır.
Ermənistanın bütün müttəfiqləri, əslində, de-fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar. Azərbaycan beynəlxalq aləmdə proseslərə təsiretmə gücünə malik bir ölkəyə çevrilib. Bütün bu və digər amilləri çox yaxşı bilən ölkə başçımızda, əlbəttə, düşmən ölkədə baş verən proseslər barədə daha dolğun, obyektiv məlumatlar var. Çünki o ən yüksək səviyyədə Ermənistana digər dövlət başçılarının inamının zəif olmasını, Azərbaycanı dəstəkləməsini müşahidə edir, bunun üçün öz səylərini əsirgəmir. Ola bilsin ki, buna görə də o, münaqişənin həllində hazırda əlverişli şərait yarandığını vurğulayıb”.
Məhəmmədəli QƏRİBLİ