Aydın Xan Əbilov: “Bu kimi əlaqələr dövlətlərarası münasibətlərin daha da dərindən inkişaf etməsinə təkan verir”
Azərbaycan və Rusiya arasında mövcud olan humanitar əməkdaşlıq əlaqələri günü-gündən genişlənir. Bildirək ki, Beynəlxalq Bakı Humanitar Forumunun keçirilməsi ideyası da Azərbaycan və Rusiya prezidentlərinə məxsusdur. Bu gün bu iki dövlət yalnız siyasi, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq etmir, eyni zamanda, mədəni, humanitar sahədə ciddi əməkdaşlığa malikdirlər, bu sahədə həyata keçirilən layihələr dediklərimizi təsdiqləyir.
Dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən burada müzakirə edilən məsələlər sırasında Rusiya və Azərbaycan arasında mövcud olan humanitar əməkdaşlıq əlaqələri də olub. “...Bildiyiniz kimi, bu yaxınlarda Rusiya və Azərbaycan prezidentlərinin himayədarlığı ilə Bakıda növbəti Humanitar Forum keçirilib. Prezident Vladimir Putin Forum iştirakçılarına məktub göndərib. Bu Forum humanitar məsələləri müzakirə etmək üçün mühüm beynəlxalq meydandır” - deyə Prezident İlham Əliyev bildirib.
S.Lavrov da, öz növbəsində, ölkəsinin Azərbaycanla bütün sahələrdə, o cümlədən də humanitar sahədə uğurla əməkdaşlıq etdiyini önə çəkib.
Azərbaycan və Rusiya arasında humanitar sahədə günü-gündən inkişaf edən əlaqələri şərh edən Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, iki dövlət arasında mədəni, humanitar əlaqələr yeni qurulmayıb, bunun tarixi kökləri var. “Azərbaycan və Rusiya arasında mədəniyyət, elm və təhsil, bir sözlə, humanitar sahədə əməkdaşlıq tarixən çox güclü olub. İlk əməkdaşlığın təməli Çar Rusiyası dövründə qoyulub. Düzdür, burada Çar Rusiyasının imperiya maraqları da vardı, ancaq bununla yanaşı, dostluq əlaqələri də mövcud idi. I və II dünya müharibələrində azərbaycanlılarla rusların imperializmə və faşizmə qarşı birgə mübarizəsi aparması da faktdır. Azərbaycanla Rusiyanı bir sıra tarixi hadisələr, faktlar birləşdirir. Bundan başqa, tarixi qlobal, humanitar miqyaslı tədbirlər də bizi birləşdirir, bu da mədəniyyətə, ədəbiyyata, intellektə müsbət təsir göstərir. Bu kimi əlaqələr dövlətlərarası münasibətlərin daha da dərindən inkişaf etməsinə təkan verir. Prezident İlham Əliyevlə Rusiyanın xarici işlər nazirinin görüşündə Azərbaycanla Rusiya arasında mövcud olan humanitar əlaqələr, eləcə də bu əməkdaşlıq nəticəsində meydana gələn Beynəlxalq Bakı Humanitar Forumunun əhəmiyyəti barədə səsləndirilən fikirlər hər iki dövlətin bir-biri üçün böyük əhəmiyyət daşıdığını ortaya qoyur”. A.X.Əbilov hesab edir ki, mövcud əlaqələr iki dövlət arasında mədəniyyət, elm və təhsil sahəsində daha genişmiqyaslı işlərin görülməsinə xidmət edir. Mütəxəssis bildirdi ki, vaxtilə Rusiya şair və yazıçıları iki xalq arasındakı münasibətlərin hələ gücləndirilmədiyi ötən əsrlərdə Azərbaycan-Rusiya münasibətlərinin qurulmasına, istiləşməsinə öz əsərlərində toxunublar.
A.X.Əbilov qeyd etdi ki, bu gün ruslar Azərbaycanda, azərbaycanlılar isə Rusiyada mədəniyyət və humanitar sahələrlə bağlı qurumlarda təmsil olunurlar. O hesab edir ki, Rusiya və Azərbaycan arasında humanitar əlaqələrin daha da gücləndirilməi üçün müxtəlif tədbirlər həyata keçirilməli, əməkdaşlıqlar davam etdirilməlidir.
İradə SARIYEVA